Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycan Rusiyadan AZAL-ın vurulmasına görə həm etiraf, həm də təzminat tələb edir

2024-cü il dekabrın 25-də Aktau yaxınlığında vurularaq qəzaya uğrayan AZAL sərnişin təyyarəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq təyyarənin qəzaya uğraması ilə bağlı sığortaların ödənildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib: 

 “62 sərnişindən 46-sının xəsarət alması və həlak olması ilə bağlı tələblər tam şəkildə tənzimlənib. 15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, 3 Qırğızıstan vətəndaşının hamısı və 6 Qazaxıstan vətəndaşından 1-i üzrə ödənişlər tam yerinə yetirilib. Bu günə qədər zərərçəkmiş sərnişinlərə və həlak olmuş şəxslərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl (4.4 milyon dollar) məbləğində sığorta ödənişləri edilib. Təzminatın yekun razılaşdırılması məqsədilə zərərçəkmişlər və həlak olanların ailələri ilə iş davam etdirilir”.

Azərbaycan XİN isə deyir ki, AZAL və sərnişinlərə ödənilən sığorta pulları ilə təyyarənin vurulmasına görə Azərbaycan hökumətinin Rusiya hökumətindən kompensasiya tələb etməsi — iki ayrı məsələdir və bir-biri ilə qarışdırılmamalıdır.

Azərbaycan tərəfi vurğulayır ki, təyyarənin vurulması — hərbi və ya siyasi xarakterli hücum aktı olduğu üçün — bu hadisəyə görə Rusiya hökumətindən beynəlxalq hüquqa uyğun şəkildə kompensasiya tələb edilməsi tam qanunidir və bu məsələ sığorta ödənişləri ilə əvəz oluna bilməz. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.  

Nə baş verib?

2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 27-də AZAL təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Dekabrın 28-də Kremlin yaydığı məlumatda deyilirdi ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı.

Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.

Azərbaycanda isə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə cinayət işi açılıb.

Prezident İlham Əliyev hadisədən bir neçə gün sonra Azərbaycan Televiziyasına (AZTV) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyib. O bildirib ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir.

Fevralın 4-də “Reuters” Azərbaycan hökumətindəki anonim mənbəsinə istinadən məlumat yayıb ki, təyyarə Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

Elə həmin gün Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin araşdırma hesabatında təyyarənin qəzadan öncə “xarici obyektlər” tərəfindən vurulduğunu təsdiqləyib.

Rusiya hələ də hadisə ilə bağlı məsuliyyəti üzərinə götürməyib.

Check Also

Əziz Ələkbərli: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi …