Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ramiz Mehdiyevin məktubu müəmması: İstintaq materialları yayılır, rəsmi təsdiq isə yoxdur

Ötən gün hakimiyyətə yaxın medialar dövlətə xəyanət və bir sıra ittihamlarla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevə aid olunduğu iddia edilən məktubu yayıblar.

Ramiz Mehdiyevin yazdığı iddia olunan məktubda əsasən Azərbaycanda dövlət idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac olduğu vurğulanır və konkret bir islahat planı təklif edilir.

Məktubun yayılmasından sonra istintaq getdiyi halda belə bir materialın yayılması, eyni zamanda orada yazılanların doğru olub-olmadığına dair sosial mediada müzakirələr başladı. Bundan başqa həmin məktubun həqiqiliyi də müzakirə mövzusuna çevrildi. 

Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. 

Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda) maddələri ilə ittiham edilir. 

Məktubun orijinallığına nə dərəcədə inanmaq olar?

Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi Ərəstun Oruclu məktubun orijinallığına şübhə etdiyini deyir. 

Ərəstun Oruclu
Ərəstun Oruclu, Mənbə: Meydan TV

“Ramiz Mehdiyev məsələsi ilə bağlı yayılan bütün məlumatlar şübhə doğurur. Mediada iddia olunur ki, Ramiz Mehdiyev ifşa edilib və ona qarşı cinayət işi başlanıb. Cinayət işinin açılmasında əsas rol oynayan qurum Baş Prokurorluqdur. Həmçinin bildirilir ki, istintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır və guya Səbail Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib. Lakin bu qurumların heç birinin rəsmi saytında bu barədə hər hansı məlumat yoxdur. Bundan başqa, deyilir ki, Ramiz Mehdiyev Prezidentin sərəncamı və ya fərmanı ilə Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılıb. Amma Prezidentin rəsmi saytında Təhlükəsizlik Şurasının üzvləri ilə bağlı siyahı gizlədilib və bu barədə heç bir məlumat yerləşdirilməyib”. 

Ekspert sual edir ki, mətbuatda gedən bu kimi yazıların fonunda bu məktubun orijinallığına nə dərəcədə inanmaq olar:  

“Mən şəxsən anlamıram, bu kampaniya nədir, məqsədi nədir, arxasında hansı niyyət durur. İki gün öncə APA yazmışdı ki, Ramiz Mehdiyev işi üzrə 180 nəfər istintaqa cəlb olunub. Amma onlardan birinin belə adı çəkilmirdi. Sonradan xəbər silinsə də, digər saytlarda qalıb. 180 nəfər,  Azərbaycan üçün çox böyük rəqəmdir”, – Ərəstun Oruclu deyir. 

Rusiya Ramiz Mehdiyevin məktubu iddiasına heç bir münasibət bildirmir

Ərəstun Oruclu hesab edir ki, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamları o, təkbaşına etməyib:

“Ramiz Mehdiyevin 24 il ərzində o qədər cinayət əməlləri olub ki, bunları tapıb ortaya çıxarmaq heç də çətin deyil. Amma məsələ burasındadır ki, Ramiz Mehdiyev bu cinayətləri dövlət rəsmiləri, dövlət rəhbərləri ilə birlikdə törədib. İndi Ramiz Mehdiyevi bu cinayətlərdə – dövlət çevrilişinə hazırlıqda, dövlətə xəyanətdə ittiham etməklə, bütün 30 ilin cinayətlərini onun ayağına yazmaq istəyirlər. Hətta “Tərtər işi”ni belə Ramiz Mehdiyevin üzərinə yükləməyə cəhd edirlər. Onda sual olunur: əgər bu cinayətləri Ramiz Mehdiyev törədibsə, ölkənin başçıları – Ramiz Mehdiyev yalnız İlham Əliyevlə deyil, Heydər Əliyevlə də işləyib – bəs onlar hara baxırdılar?”. 

İlham İsmayıl, Foto: Meydan TV
İlham İsmayıl, Foto: Meydan TV

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, məktubun Ramiz Mehdiyev tərəfindən yazılmasına dair konkret sübut yoxdur, bununla belə istintaq nəticələrini gözləmək lazımdır:

“Rusiya Azərbaycan mətbuatında yazılanları – Düşənbə görüşündə Putinin İlham Əliyevə məlumat verməsi və ardınca Ramiz Mehdiyev barəsində cinayət işinin açılması məsələsini – təkzib etmədi. Rusiya Ramiz Mehdiyevin məktubu iddiasına da heç bir münasibət bildirmir. Məktub mahiyyət və stil etibarilə Ramiz Mehdiyev tərzinə uyğundur. Amma birmənalı şəkildə məktubun ona aid olduğunu deyə bilmərik. Sorğulamaq lazımdır ki, bu məktubun arxa planı nədir? Həqiqətənmi, Rusiya təqdim edib? Biz bunu zamanla Ramiz Mehdiyevlə bağlı gedən istintaq çərçivəsində biləcəyik. Hətta növbəti dəfə konkret adlar da çəkilə bilər”.

Check Also

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq …