Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbs olunması ilə bağlı iş üzrə qərar qəbul edib.
Bu barədə fəal özünün “Facebook” səhifəsində yazıb.
“AİHM 30 sutkalıq həbsimlə bağlı qərar çıxarıb. Mənim küçədən oğurlanıb, 30 sutka həbsimə görə Azərbaycan dövlətini, mənə 1125 avro təzminat ödəmək haqda qərar verib”.
Fəal bildirib ki, qərar bu ilin fevralında verilsə də, sənədin surəti ona yalnız noyabrın 7-də təqdim olunub.
Əmrah Təhməzov 2023-cü ilin mayında saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə ittiham olunmuşdu. O, 30 sutka inzibati həbs cəzası almışdı.
Fəal ittihamları qəbul etməyərək bildirmişdi ki, həbsinə səbəb “Facebook” səhifəsindəki paylaşımları olub. Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri, həmin vaxt həbsdə olan Əlizamin Salayevin aclığı ilə bağlı Prezident İlham Əliyevi tənqid edən paylaşımından sonra saxlanılıb.
AİHM qərarında qeyd edib ki, Əmrah Təhməzovun işi üzrə “ədalətli məhkəmə araşdırması hüququ” pozulub. Məhkəmə hesab edib ki, inzibati iş üzrə keçirilən proses “qanunla yaradılmış müstəqil və qərəzsiz tribunal” tərəfindən ədalətli şəkildə aparılmayıb.
Sənəddə göstərilir ki, Azərbaycan hökuməti də ərizəçinin hüquqlarının pozulduğunu qəbul edib. Bu səbəbdən məhkəmə hökumətin birtərəfli bəyanatı əsasında qərar çıxararaq işi siyahıdan çıxarıb.
Qərara əsasən, Azərbaycan dövləti fəala ümumilikdə 1125 avro təzminat ödəməlidir — 900 avro mənəvi və maddi zərərə, 225 avro isə hüquqi xərclərə görə.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
