QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı suallar artır: Araşdırmalar nə göstərir?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi haqqında aparılan araşdırmalar genişləndikcə, müxtəlif müəmmalı məqamlar diqqət çəkir və bu suallar ictimai müzakirəyə çevrilir.
Tam məsuliyyətlə qeyd etmək olar ki, qrant müsabiqələrində bəzi QHT-lərin digər təşkilatlara nisbətən daha çox diqqət və dəstək aldığı iddiaları mövcuddur.
Səkinə Babayeva – biznes fəaliyyəti və Assosiasiyanın qrantları
“Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi və direktoru olan Səkinə Babayeva sahibkarlıq sahəsində tanınan simalardandır. O, həmçinin 2017-ci ildə yaradılmış “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası”na rəhbərlik edir.
Araşdırmalar göstərir ki, Səkinə Babayevanın rəhbərlik etdiyi bu Assosiasiya QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tarixində ən yüksək qrant alan təşkilatlardan biridir.
Məsələn, Assosiasiya 2022-ci ilin “Şuşa ili”nə həsr olunmuş müsabiqəsində “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihə üçün 40 100 manat qrant alıb. Bu məbləğ Agentlik tərəfindən bir təşkilata müsabiqə yolu ilə ayrılmış ən iri vəsaitlərdən sayılır.
Layihə ilə bağlı iddialar
Aparılan araşdırma zamanı bildirilib ki, Assosiasiya qrant çərçivəsində Fransada kiçik həcmli geyim sərgisi təşkil edib. Qeyri-rəsmi məlumatlara əsasən, layihəyə əlavə olaraq digər şirkətlərdən də vəsait cəlb edilib.
İddialara görə, həyata keçirilən fəaliyyət üçün təqribən 18 min manat real xərc sərf olunub. Qalan məbləğin taleyi ilə bağlı suallar mövcuddur.
Bu iddiaların nə dərəcədə əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar davam edir.
Təcrübə məsələsi
QHT Agentliyinin müsabiqə şərtlərində göstərilir ki, xaricdə tədbir keçirmək istəyən təşkilatların bu sahədə əvvəlki təcrübəsi olmalıdır. Lakin Assosiasiyanın xarici tədbir təşkilatçılığı təcrübəsinin olmaması əlavə suallar doğurur.
Digər tərəfdən, Assosiasiyanın əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək verməkdir. Müsabiqədən əldə olunan qrantın bu məqsədlə nə dərəcədə uyğunluğu da müzakirə mövzusudur.
Şəxsi münasibətlərin təsiri iddiaları
Araşdırmalar zamanı məlum olub ki, Səkinə Babayeva 2013-cü ildən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə yaxın tanışdır. Bu münasibətlərin sonradan daha da yaxınlaşdığı bildirilir.
İddialara görə:
Aygün Əliyeva Binəqədi RİH-də işlədiyi vaxt sahibkar qadınlarla tez-tez ünsiyyətdə olurdu,
Səkinə Babayeva ilə bu dövrdə əməkdaşlıq münasibətləri qurulub,
son illərdə yerli tədbirlərdə onların birlikdə iştirakı tez-tez müşahidə olunur,
və Aygün Əliyeva Agentlikdə icraçı direktor təyin edildikdən bir müddət sonra Assosiasiya böyük məbləğdə qrant alıb.
Bu, ictimaiyyət arasında “şəxsi əlaqələrin qrantlara təsiri olubmu?” sualını gündəmə gətirir.
Şuşa məsələsi – həssas mövzu
Unutmamalıyıq ki, Şuşa uğrunda gedən döyüşlərdə yüzlərlə qəhrəman oğullarımız şəhid olub, qazilərimiz yaralanıb. Azərbaycanın ən müqəddəs simvollarından biri olan Şuşanın adı ilə keçirilən hər bir layihə xüsusilə həssas yanaşma tələb edir.
Bu səbəbdən də “Şuşa” adı altında həyata keçirilən layihələrin şəffaflığı və məqsədəuyğunluğu cəmiyyət üçün vacib məsələdir və hər kəsin bu mövzuda diqqətli olması gözlənilir.


Araşdırmalar davam edir
Hazırda təqdim olunan məlumatlar ictimaiyyətə açıq mənbələrdən və iddialardan ibarətdir. Məsələlərin dəqiq araşdırılması üçün əlavə faktlar toplanır və proses davam edir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
