2025-ci ilin yanvar-oktyabr aylarında sığorta bazarının təxminən 70 faizi “Pasha Holdinq”in nəzarətində cəmləşib.
Azərbaycan Mərkəzi Bankının cari ilin ilk on ayına dair statistik bülleteninə əsasən, holdinqin tərkibində fəaliyyət göstərən “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” bazarın lideri olaraq həm sığorta haqlarında, həm də sığorta ödənişlərində aparıcı paya malik olublar.
Belə ki, cari ilin yanvar-oktyabr aylarında “Paşa Həyat Sığorta” 572,9 milyon manat sığorta haqqı toplayaraq bazarın 45,6 faizinə sahib olub. Şirkətin sığorta ödənişləri isə daha yüksək göstərici ilə – 479,8 milyon manatla ümumi bazar ödənişlərinin 62,1 faizini təşkil edib.
Holdinqə məxsus digər şirkət, “Paşa Sığorta” isə 23,7 faizlik bazar payı formalaşdırıb. Bu şirkət yanvar-oktyabr aylarında 297,5 milyon manatlıq sığorta yığımları həyata keçirib. “Paşa Sığorta” tərəfindən həyata keçirilmiş ödənişlər 115,3 milyon manat olub ki, bu da bazar üzrə ödənişlərin 15 faizinə bərabərdir.
Onsuz da Azərbaycanda kiçik olan sığorta bazarının üçdə ikisinin bir şirkətlər qrupunun nəzarətində olması bu sahədə ciddi inhisarlaşmanın olduğunu göstərir. Ümumilikdə “Pasha Holdinq”ə məxsus bu iki şirkət bazar üzrə sığorta haqlarının 69,3 faizini, sığorta ödənişlərinin isə 77 faizini təmin edir.
Digər şirkətlər isə əsasən spesifik sığorta sahələrinə yönələrək fərqli tələbləri üzrə xidmət göstərirlər.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar–oktyabr aylarında ölkə üzrə sığorta şirkətlərinin ümumi yığımları 1 milyard 255 milyon manat, sığorta ödənişləri isə 763 milyon manat təşkil edib.
“Pasha Holdinq”dən sonra bazarda ən böyük pay “Atəşgah” şirkətlər qrupuna məxsus sığorta şirkətlərinə aiddir. Şirkətlər qrupu həm həyat, həm də qeyri-həyat sığortası sahələrində fəaliyyət göstərir.
“Atəşgah Həyat Sığorta” şirkəti 89,2 milyon manat yığımla bazarda 7,1 faiz paya malikdir. Şirkətin sığorta ödənişləri isə 56,3 milyon manat olaraq ümumi ödənişlərin 7,3 faizini təşkil edir. “Paşa Holdinq”in şirkətlərindən sonra həyat sığortası seqmentində ən güclü mövqe məhz “Atəşgah Həyat”a məxsusdur.
2025-ci ilin ilk on ayı üzrə “Atəşgah” qrupunun digər şirkəti – “Atəşgah Sığorta” 52,9 milyon manat sığorta haqqı toplayıb və bazarın 4,2 faizini formalaşdırıb. Şirkətin sığorta ödənişləri 34,1 milyon manat təşkil edib ki, bu da ümumi bazar üzrə təxminən 4,4 faizə bərabərdir.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən şirkətin təsisçiləri bunlardır: ISR Holding (63%), Ran Eksim (Türkiyə) (27%) və SOCAR (10%)
Bundan əlavə, 2025-ci ilin yanvar-oktyabr aylarında “Qala Sığorta” 67,1 milyon manat sığorta haqqı toplayaraq bazarın 5,3 faizini formalaşdırıb. Şirkətin ödənişləri 22,18 milyon manat olub və 2,8 faizlik paya sahibdir.
Hazırda ölkədə 16 sığorta şirkəti fəaliyyət göstərir, onlardan 5-i həyat sığortası üzrə ixtisaslaşıb.
Yuxarıda adı çəkilən şirkətlərdən başqa digər şirkətlərin bazar payları çox kiçikdir. Mərkəzi Bankın aylıq bülleteninin məlumatlarına əsasən, bu şirkətlərin payları ilin ilk on ayı üzrə cəmi 1-3 faiz arasında dəyişib. Hətta “AzSığorta” və “İpək Yolu Sığorta” şirkətləri həm sığorta haqları, həm də sığorta ödənişləri baxımından çox kiçik göstəricilərə malikdir. Belə ki, “AzSığorta”nın yığımları ümumi sığorta bazarının cəmi 0,5 faizini, “İpək Yolu Sığorta”nın yığımları isə cəmi 0,3 faizini təşkil edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
