Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini tirajlayıb.
Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildiri. “Almaniyaya xoş gəlmisiniz, cənab baş nazir! Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Beynəlxalq Münasibətlər Assosiasiyasında keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyana belə müraciət edib və o, bunu erməni dilində edib, erməni mediası yazıb.
Məlumatda bildirilir ki, azərbaycanlı diplomat daha sonra bildirib: “Regionumuz bir neçə il bundan əvvəl sadəcə olaraq təsəvvür edilə bilməyən nəhəng dəyişikliklər, transformasiyalar yaşayır. Bu, bizim əldə etdiyimiz və sizin nail olduğunuz münasibətlərimizdə ən sabit və dinc dövrdür. Təbii ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı idi, biz aydın və məqsədyönlü hərəkət etdik. Siz sülhün real faydalarını da qeyd etdiniz. Biz mühüm addımlar atmışıq və tezliklə digər mühüm addımları da atacağıq. Ümid edirik ki, Vaşinqtonda əldə etdiyimiz razılaşmalar, təbii ki, TRIPP marşrutu da daxil olmaqla, tam şəkildə həyata keçiriləcək. Bu, Azərbaycanla Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək ki, bu da həlledicidir. Son maneəyə – Konstitusiyaya gəlincə, ümid edirik ki, o da aradan qaldırılacaq ki, biz sülh sazişini rəsmən imzalaya bilək. Biz indi sülh bölgəsində yaşayırıq və hər iki tərəf bunu vurğulayır”.
Səfirin dediklərinə reaksiyasında Paşinyan absurd iddia ilə çıxış edib.
Sitat: “Səmimi salama görə minnətdaram, amma, digər tərəfdən, görəsən, Azərbaycan həqiqətən də Ermənistan Konstitusiyasında ərazi iddialarının olub-olmasını istəyirmi, ya yox?” Hərdən məndə belə təəssürat yaranır ki, azərbaycanlı tərəfdaşlarımız doğrudan da bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddialarının olmasını istəyirlər, amma bilirsiniz, ərazi iddiaları yoxdur. Biz bunu sübut etməyə hazırıq. Bizim strategiyamız mövqeyimizin bütün nüanslarını müsbət və sülh şəraitində təqdim etmək və izah etməkdir. Hətta Azərbaycanın Ermənistan Konstitusiyasında ərazi iddialarının olduğuna ürəkdən inandığını nəzərə alaraq, bu problemin ən sürətli həlli sülh sazişinin imzalanması və ratifikasiyasıdır. Konstitusiya Məhkəməmiz müqaviləni Konstitusiyamıza tam uyğun hesab edərsə, o, parlamentə göndəriləcək, ratifikasiya ediləcək və ən yüksək hüquqi qüvvəyə malik olacaqdır. Belə olan halda nəzəri cəhətdən Azərbaycanın Ermənistana və ya Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları praktiki olaraq ola bilməz”.
Göründüyü kimi, N.Paşinyan konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu danmaqla sülh prosesinə xələl gətirən mövqe sərgiləyib. Azərbaycanın mövqeyi qətidir, Ermənistan Konstitusiyasında və normativ hüquqi aktalar dəyişikliklər edilməlidir, əks halda, sülh sazişinin dəyəri olmayacaq!


Boyukmillet.com Biz yanmasaq vətən yanar
