ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
Bu barədə yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında yayımlanan məlumatda bildirilib.
“Dərhal İranı tərk edin. ABŞ hökumətinin yardımına arxalanmadan İrandan çıxış planı hazırlayın. ABŞ vətəndaşları internetdə mümkün kəsintiləri nəzərə almalı, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmalı və əgər təhlükəsizdirsə, İrandan quru yolu ilə Ermənistan və ya Türkiyəyə getmək imkanını nəzərdən keçirməlidirlər. Əgər ölkəni tərk edə bilmirsinizsə, evinizdə və ya başqa bir təhlükəsiz binada sığınacaq tapın. Nümayişlərdən uzaq durun, özünüzlə ərzaq, su, dərman və digər zəruri ehtiyatlar götürün”, – məlumatda qeyd olunur.
ABŞ ilə İran arasında hazırda diplomatik və konsulluq münasibətləri mövcud deyil. Vaşinqtonun İrandakı maraqlarını İsveçrə hökuməti Tehrandakı səfirliyi vasitəsilə təmsil edir.
“Meduza” xatırladır ki, oxşar xəbərdarlıq ötən il iyunun 15-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında dərc edilmişdi. İyunun 22-nə keçən gecə isə Vaşinqton İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirdi.
Təhlükəsizlik vəziyyətinin pisləşməsi və kütləvi etirazlar fonunda Fransa da İrandakı diplomatlarının bir hissəsini evakuasiya edib. İsveç də vətəndaşlarına təhlükəsizlik səbəbilə ölkəni tərk etməyə çağırıb.
Yanvarın 13-də “Reuters” agentliyinə danışan anonim iranlı rəsmi etirazlar zamanı təxminən 2000 nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, bu rəqəmə həm etirazçılar, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları daxildir və ölüm hallarının arxasında “terrorçular” dayanır.
ABŞ Prezidenti Donald Tramp isə deyib ki, İran rəhbərliyi danışıqlar aparmaq istəyir, lakin ABŞ vəziyyətə görə görüşdən əvvəl hərəkətə keçə bilər. CNN-in məlumatına görə, bu müzakirələr həm hərbi, həm də qeyri-hərbi variantları əhatə edir.
Tramp bazar ertəsi isə bildirib ki, İranla ticarət edən hər hansı bir ölkə ABŞ ilə bütün ticarət əməliyyatlarına 25% tarif ödəməli olacaq, çünki Vaşinqton İranda son illərin ən böyük anti-hökumət etirazları fonunda cavab tədbirlərini nəzərdən keçirir.
İranda dekabrın sonunda yaranan iqtisadi böhran fonunda etirazlar başlayıb. Yanvarın 8-də İran hakimiyyəti ölkədə interneti bloklayıb, etirazları yatırmağa çalışır. İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) yanvarın 12-də bildirdiyinə görə, etirazlar başlayandan 646 nəfər həlak olub. İran İnsan Hüquqları təşkilatı isə 648 nəfərin öldürüldüyünü bildirir. Azı 10 min nəfərin saxlanıldığı deyilir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
