20 Yanvar faciəsi sovet rəhbərliyinin Azərbaycan xalqının müstəqillik və azadlıq arzularını sındırmaq məqsədilə həyata keçirdiyi amansız hərəkət idi.
Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin sədri Bilal Dündar bildirib.
Onun sözlərinə görə, hücumun məqsədi təkcə şəhəri zəbt etmək deyildi; əsas niyyət xalqın milli oyanışını sındırmaq və qorxu yaratmaq idi.
“Lakin xalqın birliyi və mübarizə ruhu bu cəhdləri boşa çıxardı. Bu faciə yalnız itki simvolu deyil, xalqın milli şüurunun oyanması üçün dönüş nöqtəsidir. Bu qanlı gecə Azərbaycan tarixində Qara Yanvar adı ilə yadda qaldı. Hadisələr xalqın iradəsini qıra bilmədi. Əksinə, sovet ordusunun bu amansız hərəkəti milli birliyin və azadlıq arzularının daha da güclənməsinə səbəb oldu. 20 Yanvar şəhidləri yalnız faciə simvolu deyil, həm də ümid və mübarizə rəmzi kimi qəbul edildi”, – deyə mərkəzinin sədri vurğulayıb.
B.Dündar qeyd edib ki, şəhidlər yalnız itkini deyil, həm də ümid və milli qüruru təcəssüm etdirir. Onun sözlərinə görə, 20 Yanvar xalqın müstəqillik uğrunda mübarizəsini gücləndirdi: “Hadisələr 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası üçün zəmin yaratdı. 20 Yanvar xalqın milli kimliyinin formalaşmasında və gələcək siyasət istiqamətinin müəyyənləşməsində mühüm rol oynadı. 20 Yanvarın ikiqat mənası var. Matəm günü – həlak olan şəhidlərin xatirəsi yad edilir. Qürur günü – xalqın birliyi, mübarizəsi və azadlıq arzusu təcəssüm olunur. Bu hadisə yalnız faciə deyil, həm də milli qürur və şərəf günü kimi gələcək nəsillərə örnək olaraq qalır. Beləliklə, 20 Yanvar tarixi faciə, xalqın dirçəliş günü və milli qürurun simvolu olaraq yaddaşlarda yaşayır”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
