İranda 33 gün əvvəl başlayan etirazlarda öldürülən 6479 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 17091 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. Musavat.com-un məlumatına görə, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilir ki, öldürülənlərdən 214 hökumət məmuru, 118-ü azyaşlı və 55-ü etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.
Bununla yanaşı, 44 mindən çox etirazçı həbs edilib. Öldürülən və həbs olunanların sayının göstərilən rəqəmlərdən daha çox olduğu ehtimal olunsa da, internet kəsldiyinə görə bunu dəqiqləşdirmək mümkün olmur. Hələlik təsdiq olunmamış bəzi məlumatlara görə, aksiyalarda öldürülənləri sayının 30 mindən çox olduğu qeyd olunub.
ABŞ-nin İrana hücum ehtimalının artması ilə əlaqədar İran rejimi bölgədəki proksi qüvvələrinin dəstəyinidən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır.
Gunaz.tv-nin xəbərinə görə, İraqın SEPAH-a bağlı “Əl-Nücəba” hərəkatının icra şurasının rəhbəri Nazim əl-Səidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib.

O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni “təkrarlanan aldatma” kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.
Eyni halda İraqın “Hizbullah” briqadalarının baş katibi Əbu Hüseyn əl-Həmidavi də “İran İslam Respublikasını müdafiə etmək” üçün könüllülərin qeydiyyat kampaniyasının başladığını bildirib.
İranın Əfqanistanın Məzar Şərifdəki baş konsulluğunda keçirilən tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib. Onlar İrana qarşı hər hansı hücumda Əli Xaməneini dəstəkləyəcəklərini bildiriblər. İranın baş konsolu Əlirza Əhmədi tədbirdə çıxış edib və dəstəyə görə əfqanistanlı şiə alimlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, əfqanistanlı şiələrdən təşkil tapan SEPAH-a bağlı “Fatemiyyun” silahl qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.
Bu arada, İrandan Azərbaycana qarşı sərsəm iddiaların tirajlanması da diqqət çəkir. İnqilab Keşikçiləri ilə əlaqəli media orqanı olan Fars Xəbər Agentliyi, “İranın Neft Kartları və Amerikanın Müharibə Tənliyi” başlıqlı yazı dərc edib. Yazıda Azərbaycan və Türkiyəni açıq şəkildə təhdid edərək, ABŞ və İsrailin İrana hücum edəcəyi təqdirdə bu ölkələrin Tehran üçün qanuni hədəfə çevriləcəyi barədə xəbərdarlıq edilib.

Məqalədə bu ssenari “müharibə alovunu Vaşinqtonun Qərbi Asiyadakı bütün müttəfiqlərinə yaymaq” kimi təsvir edilir və İsrailin Azərbaycan neftindən asılılığının böyük həcmdə artdığı vurğulanır. Hesabatın digər hissəsində deyilir ki, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyəyə daşınması və daha sonra İsrail limanlarına aparılması ölkəni İranın əsas hədəfinə çevirir. Media orqanı həmçinin iddia edir ki, İsrail Hərbi Hava Qüvvələrinin İran sərhədləri yaxınlığındakı bazalara, istər “casusluq və müşahidə əməliyyatları” üçün, istərsə də mümkün hücum ssenariləri üçün girişi Azərbaycanı İran hücumlarının hədəfinə çevirə biləcək başqa bir amildir. “Tehranın Bakıya, Ankaraya və digər regional paytaxtlara mesajı aydındır: hər hansı bir hücum halında əsas aktyorla regional vasitəçilər arasında heç bir fərq olmayacaq və qırmızı xətti keçmək baha başa gələcək” – deyə Azərbaycan təhdid edilib.
Azərbaycan Respublikasının öz ərazisindən İrana qarşı istifadəyə imkan vermədiyi yenilik deyil, bu barədə on illərdir mövqelər ifadə olunur. Qərb koalisiyasının müxtəlif illərdə təzyiqlərinə baxmayaraq, rəsmi Bakı prinsipial mövqeyini qoruyub-saxlayıb, hətta torpaqlarımız işğal altında olanda, İranın Ermənistan üçün “nəfəslik” rolunu oynadığı illərdə və yaxud 44 günlük müharibədən sonra İran rejiminin Azərbaycanı təhdidlərinə rəğmən…

Ötən ilin yayında 12 günlük müharibədən sonra da fars şovinistlərinin Azərbaycana qarşı iddiaları olmuşdu. Amma İran Prezidenti Məsud Pezeşkian səviyyəsində bu iddiaların əsassız olduğu bəyan edilmişdi. Amma yenə də anti-Azərbaycan mərkəzlər yenə də ənənəvi ritorikadan istifadə edirlər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığında da rəsmi Bakının prinsipial mövqeyi bir daha bəyan olunub. XİN-dən bildirir ki, telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə edilib.
C.Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizə qarşı təhdidlərin davam etməsi, İrandakı qüvvələrin “mərdi qova – qova namərd etmək” istiqamətində cəhdləri nə vəd edir? Rəsmi Tehran ABŞ və İsrailin hücumları ilə üz-üzə qaldığı, sanksiyalar burulğanında boğulduğu bir vaxtda dostlarının sayını artırmaq, xüsusilə də Sülh Şurasının təsisçisi olan, bölgədə və qlobal səviyyədə sülhün bərqərar olması üçün əlindən gələni edən Azərbaycan dövləti ilə münasibətlərdəki yanlışları ortadan qaldırmaq əvəzinə, niyə ölkəmizi anti-İran koalisiyasında yer almağa təşviq edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının İranın hərbi obyektlərinə zərbə vurma ehtimalı getdikcə artır:
“Bölgədə gərginliyin artması da müşahidə olunur. Bir çox ölkələr, o cümlədən İrana qonşu dövlətlər müharibədə və İranda təlatümlərdə maraqlı deyillər. O cümlədən Azərbaycan. Azərbaycan rəsmiləri, siyasi dairələri dəfələrlə bəyan ediblər ki, hansısa bir ölkənin İrana qarşı müharibəsində Azərbaycan torpaqlarının istifadəsindən heç zaman imkan verməyəcək. Bu, heç Azərbaycanın milli və təhlükəsizlik maraqlarına da cavab vermi və elə Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqi ilə son telefon danışığı bunu bir daha təsdiq edir. Yəni Ceyhun Bayramov da vurğuladı: Biz müharibənin, xarici müdaxilənin əleyhinəyik, Azərbaycan ərazisindən istifadəyə imkan verilməyəcək”.

E.Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, yenə də İrandakı bəzi çevrələr, mühafizəkar dairələr, onlara bağlı media qurumları, saytlar, Azərbaycana qarşı təxribatçı, yalan, dezinformasiya xəbərləri yayırlar:
“Guya İsrail və Amerika Azərbaycan ərazisindən istifadə edəcək, yenə də Azərbaycan ərazisində dronlar havaya qalxacaq. Əvvəllər də bunu deyirdilər, amma ortaya bir fakt qoya bilmirdilər. Bunların o açıqlamaları münasibətləri daha da gərginləşdirir”.
Politoloq dövlətimizin prinsipal mövqeyini bir daha xatırladıb:
“Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, biz İran rəsmilərinin bəyanatlarına baxacağıq. İran rəsmiləri Azərbaycan əleyhinə açıqlama vermirlər. O cümlədən İran prezidenti Məsud Pezeşkan xarici Abbas Araqçı. Amma məsələ burasındadır ki, İranda söz sahibi mühafizəkarlardır, onlar da Azərbaycan əleyhinə bu siyasəti yürüdüblər və bu siyasəti yürütdükcə münasibətlərin tam normallaşacağını söyləmək çətindir. Və indi İranda müəyyən təlatümlər olacaqsa, bizdən və ya qonşu dövlətlərdən asılı olmayaraq biz də İranda müxtəlif müxtəlif ssenarilərə hazır olmaq məcburiyyətində qalacağıq”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
