Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2025-ci il üzrə illik hesabatını dərc edib.
Hesabata əsasən, Azərbaycana qarşı Məhkəmədə baxılan işlərin sayı 2180-dir və müraciət sayına görə ölkə 8-ci yerdə qərarlaşıb. İlk üçlükdə Türkiyə (18 464 iş), Rusiya (7 177 iş) və Ukrayna (4 004 iş) yer alır.
Vəkil Fariz Namazlı bildirib ki, Azərbaycana qarşı işlərin sayının çoxluğu insan hüquqları sahəsində ciddi problemlərin mövcudluğuna işarədir.
2025-ci ildə Azərbaycandan AİHM-ə 569 yeni şikayət daxil olub ki, bu da əvvəlki ilin 600 müraciətindən azdır. Lakin ümumi iş yükü və pozuntular hələ də yüksək səviyyədə qalır.
Cari ildə Məhkəmə Azərbaycana qarşı ümumilikdə 48 qərar qəbul edib. Qərarların 43-də Avropa İnsan Haqları Konvensiyasının ən azı bir maddəsinin pozuntusu tanınıb. Yalnız bir iş üzrə pozuntu aşkar edilməyib, 4 iş üzrə isə digər növ qərarlar verilib.
Pozuntu tanınan qərarlar aşağıdakı maddələr üzrə paylanıb: 4 qərar Konvensiyanın 3-cü maddəsi (işgəncələrin qadağan olunması), 15 qərar 5-ci maddə (azadlıq və toxunulmazlıq hüququ), 9 qərar 6-cı maddə (ədalətli məhkəmə araşdırması hüququ), 8 qərar 8-ci maddə (şəxsi və ailə həyatına hörmət hüququ), 1 qərar 9-cu maddə (düşüncə, vicdan və din azadlığı), 4 qərar 10-cu maddə (ifadə azadlığı), 1 qərar 11-ci maddə (yığıncaq və birləşmək azadlığı) və 16 qərar mülkiyyət hüququnun pozuntusu ilə bağlı olub.
Hazırda Məhkəmənin icraatında ümumilikdə 53450 iş var, bu rəqəm keçən il 60350 olub. Kommunikasiyada olan işlərsə əvvəlki ilə nisbətən 18% artaraq 11587 olub. 2025-ci ildə bu rəqəm 9832 idi.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
