Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

Rüşvət, qanunsuz məscid, şişən ayaqlar – İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsinin səbəb və təfərrüatları məlum olub.

Boyukmillet.com “Yeni Sabah”a istinadən xəbər verir ki, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır.

Bunlardan ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. S.Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub.

Ötən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, S.Mikayoluvun ən yaxın adamları sayılan icra başçısının müavini Nadir Muradov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

N.Muradov uzun illər S.Mikaylovla bir yerdə işləyib. O, Qaradağdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra sabiq icra başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini olub. 

Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra N.Muradovu da Bakıya gətirib. Onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə icra başçısının müavini təyin edib. Nadir Muradov 10 ildən çox S.Mikayılovun müavini vəzifəsini tutub.

İcra başçısı bütün tapşırıqlarını ən etibarlı adamı olan N.Muradova verib. Rayonda rüşvətin yığılmasına o, rəhbərlik edib.

Amma bu heç də hakimiyyət dairələrində təəccüblə qarşılanmayıb. Çünki hamı bilir ki, rayonun idarə edilməsinə birbaşa icra başçısı cavabdehdir. S.Mikayılov kimi əzazil, özündən razı, təkəbürlü bir icra başçısının aparatında isə onun razılığı olmadan hər hansı addım atmaq praktik olaraq mümkün deyilmiş.

Qaradağın icra başçısının vəzifəsini itirməsinə səbəb olan ikinci fakt rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisidir. Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin bir müddət əvvəl adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub. Faktın üstü isə ibadət ocağı faktiki olaraq tam hazır olandan sonra açılıb.  

Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.

Bu hadisənin üstü açılandan sonra Süleyman Mikayılovun fəaliyyəti, Qaradağdakı vəziyyət, xüsusi ilə də qeyri-ənənəvi dini cərəyanlarla bağlı geniş araşdırmalar aparılıb.

Məlum olub ki, icra başçısı rayon ərazisində ağına-bozuna baxmadan bütün tikintilərə icazə verib. Bunun nəticəsində Lökbatan, Ələt qəsəbələrində, o cümlədən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ətrafında saysız-hesabsız evlər tikilib.

Üçüncüsü, Bakının ərazisinə görə ən böyük rayonu olan Qaradağda son illərdə abadlıq-quruculuq işləri aparılmayıb, sosial obyektlər tikilməyib, subasma halları geniş yayılıb, antisanitar vəziyyət yaranıb.  

Bütün bunlarla bağlı M.Süleymanovdan izahat tələb olunub. O, Ələtdə qanunsuz məscid tikilməsindən, evlərin tikintisinə icazə verilməsindən xəbərsiz olduğunu iddia edib. Amma onun arqumentləri inandırıcı olmayıb və qəbul edilməyib. Elə məscidi tikənlər də S.Mikayılovun dediklərini təkzib ediblər və məsələni onunla razılaşdırdıqlarını söyləyiblər.

Qaradağın keçmiş başçısının istintaqa cəlb olunacağı gözlənilir.

Bir məsələni qeyd edək ki, S.Mikayılovun səhhətində ciddi problemlər var. O, uzun illərdir ağır şəkər xəstəliyindən əziyyət çəkir. S.Mikayılovun ayaqları tez-tez şişir. Hətta buna görə kabinetində başmaqla otururmuş.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.

Check Also

Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür – “Yaxşı ki, Mozambiki almayıblar” – Hafiz Hacıyev SƏRT DANIŞDI

Xəbər verildiyi kimi, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada nə …