Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

Ermənistanda daha altı yepiskopa qarşı ittihamlar irəli sürülüb

Ermənistanın hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin daha altı yepiskopunu cinayət işi çərçivəsində ittiham edib. Yepiskoplar yanvarın 31-də İstintaq Komitəsinə çağırılsalar da, saxlanılmayıblar. Onların barəsində istintaq müddətində Ermənistandan çıxış qadağası tətbiq olunub.

AzadlıqRadiosu-nun erməni xidməti Azatutyun yazır ki, bu qərar səbəbindən sözügedən yepiskoplar fevralın 16–19-da Avstriyada keçirilməsi planlaşdırılan ali ruhanilərin təcili toplantısında iştirak edə bilməyəcəklər. Vəkillər və Eçmiədzində yerləşən Müqəddəs Taxt-Tac bildirir ki, ittihamlar məhz bu toplantının qarşısını almağa yönəlib.

İttihamlar yanvarın 27-də katolikos II Qareginin Baş nazir Nikol Paşinyanı dəstəkləyən yepiskop Gevorq Saroyanı rütbəsindən salmaq qərarından sonra irəli sürülüb. Saroyan Ermənistanın cənubunda yerləşən Ararat vilayətinin bir hissəsini əhatə edən Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, lakin bu qərarla razılaşmayaraq məhkəməyə müraciət edib.

Rayon məhkəməsi presedenti olmayan qərar çıxararaq yanvarın 16-da Saroyanın iddiası üzrə yekun qərar verilənədək onun vəzifəsinə bərpa olunmasına qərar verib. Bundan sonra İstintaq Komitəsi Ali Ruhani Şuranın Saroyanın rütbədən salınmasını tövsiyə etməsinə baxmayaraq məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. Şurada təmsil olunan altı yepiskop və bir keşiş ittihamları rədd edərək özlərini günahsız hesab ediblər.

Müqəddəs Taxt-Tac yanvarın 31-də yaydığı bəyanatda hökumətin kilsənin daxili işlərinə növbəti müdaxiləsini qətiyyətlə pisləyib. Bəyanatda qeyd olunub ki, ittihamlar və səfər qadağası II Qareginin çağırdığı yepiskoplar toplantısını pozmağa hesablanıb.

Daha öncə dekabrın 10–12-də Eçmiədzində keçirilməsi planlaşdırılan toplantı din xadimlərinə qarşı təzyiqlər səbəbindən təxirə salınıb, sonradan isə onun xaricdə keçirilməsi barədə qərar qəbul olunub. Tənqidçilər bildirirlər ki, Paşinyan bu toplantının baş tutmasını istəmir, çünki bu görüş katolikosun ali ruhanilər arasında hələ də ciddi dəstəyə malik olduğunu göstərə bilər.

Hazırda Ermənistanda cinayət təqibinə məruz qalan yüksək rütbəli din xadimlərinin sayı 10-a çatıb. Katolikos II Qareginin tərəfdarları onun özünün də saxlanıla və ya ittiham oluna biləcəyindən ehtiyatlanırlar. Azatutyun yazır ki, İstintaq Komitəsinin son addımları bu ehtimalı daha da gücləndirib.

Baş nazir Nikol Paşinyan katolikosu və digər ruhaniləri Rusiyaya casusluqda ittiham edib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə yanvarın 20-də bu iddiaları təkzib edib.

Ötən il Ermənistanda üç arxiyepiskop və bir yepiskop müxtəlif cinayət işləri çərçivəsində həbs olunmuşdu. Bu hadisələr Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlərin son illər ən gərgin mərhələyə daxil olduğunu göstərir.

Check Also

Ağ Ev: ABŞ və İran danışıqları PUA ilə bağlı insidentə baxmayaraq qüvvədədir

ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar İranın vurulan pilotsuz uçuş aparatı (PUA) ilə …