Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras
FILE PHOTO: Pump jacks are silhouetted against the rising sun at an oilfield in Baku, January 24, 2013. REUTERS/David Mdzinarishvili

Azərbaycanda sərvətlər ədalətli bölünürmü?

“Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir”.

Bu sözləri bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti qarşısında çıxış edərkən bildirib.

Prezident çıxışında vurğulayıb ki, Azərbaycan karbohidrogen resurslarına sahib ölkə kimi həm özünü neft, qaz, neft məhsulları və elektrik enerjisi ilə təmin edir, həm də bu məhsulları ixrac edir. Əliyevin sözlərinə görə, ölkələr karbohidrogen ixracından əldə olunan gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Bununla prezident Azərbaycanda sərvətin bərabər bölüşdürüldüyünü iddia edib.

Doğrudanmı Azərbaycanın zəngin resursları əhali arasında bərabər bölüşdürülür?

Əhalinin artan borc yükü çox, aşağı olan gəlirləri

Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik ölkə kimi yüksək gəlirlər əldə edir. Lakin bu gəlirlərin sonda vətəndaşlara çatan hissəsi daim müzakirə mövzusu olub. Ekspertlərin fikrincə, Azərbaycanda sərvətin cəmləşmə dərəcəsi gəlirin cəmləşmə dərəcəsindən daha yüksəkdir. Bu isə neft-qaz gəlirlərinin bölüşdürülmə mexanizmi ilə birbaşa əlaqələndirilir.

Qeyd edək ki, sərvət dedikdə vətəndaşların sahib olduğu əmlak, bank hesabları, müxtəlif maliyyə alətlərinə yatırılan investisiyalar və digər aktivlər nəzərdə tutulur. Gəlirlər də  fərdlərin aylıq və ya illik qazancını özündə ehtiva edir.

Sərvətin ədalətli bölgüsünə gəlincə, buraya kapital yığımı imkanlarının genişliyi, inkişaf etmiş maliyyə bazarlarına çıxış və təbii resurslardan əldə edilən gəlirlərin səmərəli paylanması daxildir. Aşağı səviyyəli sərvət bölgüsü dedikdə isə, istehlak ağırlıqlı iqtisadiyyat, yüksək borclanma və inflyasiya kimi məsələlər nəzərdə tutulur. Yəni insanların gəlirlərindən necə istifadə etməsi onların sərvət yığmaq imkanlarını da müəyyənləşdirir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda əhalinin gəlirlərinin təxminən 70 faizi istehlak xərclərinə yönəlir. Bu göstərici yoxsulluq səviyyəsi yüksək olan ölkələrin göstəricilərinə yaxındır.

Ev təsərüraftlarının göstəricilərə görə, 2024-cü ildə əhalinin təxminən 13,2 faizi 270 manatdan az gəlir əldə edib. Bu da yaşayış minimumundan aşağı bir gəlirdir.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi – 2025: I yarımil” hesabatında göstərilir ki, əhalinin borc yükü 18,5 faizə çatıb. Halbuki 2022-ci ildə bu göstərici 14,5 faiz idi. Borc yükü dedikdə, əhalinin vergi və sosial sığorta ödənişlərindən sonra sərəncamında qalan gəlirinin kredit ödənişlərinə yönələn hissəsi nəzərdə tutulur. Hesabatdan məlum olur ki, son dörd ildə əhalinin gəlirləri cəmi 21 faiz artdığı halda, borcları 1,6 dəfə artıb.  Başqa sözlə, borc gəlirlərə nisbətən daha sürətlə böyüyür.

Rəsmi statistik göstəricilər ölkənin aşağı səviyyəli sərvət bölgüsü kateqoriyasına uyğun gəldiyini göstərir.

Azərbaycanda ən varlı 10 faiz əhali ölkədəki sərvətin 57,6 faizinə sahibdir

“World Inequality Index”ə (Dünya Bərabərsizliyi İndeks) görə, Azərbaycan orta-yüksək bərabərsizlik kateqoriyasına daxildir. İndeks gəlir bərabərsizliyini dörd qrupa ayırır:

Birinci qrup zəif bərabərsizlik hesab olunur. Bu halda ən varlı 10 faiz əhali ümumi gəlirlərin 25 faizinə, yoxsul 50 faiz isə 30 faizinə sahib olur.

İkinci qrup orta bərabərsizlikdir ki, burada ən varlı 10 faiz əhali gəlirlərin 35 faizini əldə edir, yoxsul 50 faiz isə 25 faizinə malik olur.

Üçüncü qrup orta-yüksək bərabərsizlik adlanır. Bu bölgüdə ən varlı 10 faiz əhali gəlirlərin 50 faizinə sahib olur, yoxsul 50 faiz isə 20 faizini əldə edir.

Dördüncü qrup güclü bərabərsizlikdir. Bu halda ən varlı 10 faiz əhali ümumi gəlirlərin 60 faizinə sahib olur, yoxsul 50 faiz isə cəmi 15 faizini əldə edir.

İndeksin 2024-cü il hesabatına əsasən, Azərbaycanda ən varlı 10 faiz əhali ölkədəki şəxsi sərvətin 57,6 faizinə sahibdir. Hesabatdan aydın olur ki, Azərbaycanda sərvət bərabərsizliyi gəlir bərabərsizliyindən xeyli yüksəkdir. Belə ki, ən varlı 10 faiz ümumi gəlirlərin 36,7 faizinə sahibdir.

Bundan başqa, ən varlı 1 faiz əhali ölkə sərvətinin 23,1 faizinə nəzarət edir.

Əhalinin aşağı gəlirli 50 faizi isə ümumi sərvətin cəmi 4,87 faizinə malikdir. Gəlir bölgüsünə gəlincə, yoxsul 50 faiz əhali ümumi gəlirlərin təxminən 23,4 faizini əldə edir. Belə aydın olur ki, bu qrup demək olar ki, heç bir sərvət (ev, torpaq, investisiya, qənaət) toplaya bilmir.

Nəticə etibarilə, ölkədə sərvətin əhəmiyyətli hissəsi kiçik bir qrupun əlində cəmləşib, əhalinin geniş kütləsinin isə sərvət yığmaq imkanları zəifdir. Beynəlxalq jurnalist araşdırmalarından da görünür ki, Azərbaycanda bir qrup məmurun ofşor şirkətlər vasitəsilə böyük həcmdə vəsaitlər yuyub, xarici ölkələrdə milyonlarla dollar dəyərində malikanələri alır və şirkətlər idarə edirlər.

O zaman prezidentin söylədiyi “ədalətli” sərvət bölgüsü hardadır?

İqtisadçı Zöhrab İsmayıl Meydan TV-yə şərhində bildirir ki, “Dünya Bərabərsizlik İndeksi”nin Azərbaycan üzrə məlumatları ölkədə ədalətsiz sərvət bölgüsünü göstərir:

“Bu bərabərsizlik, həmçinin ölkədəki maaşlarda, pensiyalarda, sosial ayırmalarda, tibbi xidmətlərdə, təhsil sektorunda özünü göstərir. Yəni imkansız təbəqə minimal əməkhaqqı alır, minimal pensiya alır. Ya da minimal əməkhaqqına yaxın məbləğlər alır və işsizlik yüksəkdir. Belə təbəqənin insanları övladlarına keyfiyyətli təhsil verməkdə çətinlik çəkir, daha keyfiyyətsiz dövlət məktəblərində oxutdururlar və əlavə kurslara göndərməyə pulları çatmır”.

İqtisadçı deyir ki, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı zəifləyib:

“Az maaşlı əhali keyfiyyətli tibbi xidmətdən məhrumdur. Xüsusilə rəsmi şəkildə işləməyən vətəndaşlar tibbi sığortadan istifadə etmək üçün özləri ödəniş etməlidirlər, əks halda icbari tibbi sığorta xidmətinə çıxışdan məhrum olurlar”.

Z. İsmayılov əlavə edir ki, son 20 ildə əldə olunan gəlirlər fonunda ölkənin sosial simasının dəyişməməsi böyük bir bərabərsizliyin olduğunu göstərir:

“Bu bərabərsizlikdə də siyasi sistem çox böyük rol oynayır. Məsələn, bəzi ölkələrdə varlı insanlar böyük biznes sahibləridir, təbii ki, onlar da ölkələrinin siyasətlərinə təsir edə bilirlər. Amma Azərbaycanda mənzərə başqadır. Hakimiyyətdə təmsil olunanlar, yüksək vəzifə tutanlar böyük sərvətlərə malikdir. Yaxud da bu məmurlara yaxın olan insanların nəzarət etdikləri böyük biznesləri var”.

Resurs asılılığının qeyri-bərabər gəlir və sərvət bölgüsünə təsirinə gəlincə, iqtisadçı deyir ki, yaranmış vəziyyət yanlış aparılan iqtisadi siyasətin nəticəsidir:

“Ölkənin ixracatının 90 faizini xam neft və təbii qazdan gələn gəlirlər təşkil edir. O cümlədən, ÜDM-in həcminin yarıdan çoxu bu sektora aiddir və dövlət büdcəsində də əhəmiyyətli paya malikdir. İndi guya görüntü yaradırlar ki, qeyri-neft sektoru inkişaf edir. Bu, yalnız onun nəticəsidir ki, neft sektorunda tənəzzül var, o azalır deyə qeyri-neft sektoru çox görünür. Amma resurs asılılığının özü birbaşa problem deyil. Bu, asılılığın yaratdığı iqtisadi prosesin nəticəsidir. Mövcud iqtisadi siyasət imkan vermədi ki, Azərbaycanda böyük iqtisadi inkişaf olsun, sənaye sahələri yaransın, xidmət göstərən, istehsal edən biznes qurumları formalaşsın və bunun nəticəsində də insanlar varlansın”.

Check Also

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim …