JAMnews-un materialı
Tavuş–Qazax istiqamətində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolla Ermənistana gedib.
Yayımlanan videoda onların bütün zəruri prosedurlardan keçərək sərhədi piyada keçdikləri göstərilir.
“Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addımdır”, — dərin ekspert araşdırmaları və təhlillər üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan Armenian Council-un bəyanatında deyilir.
Bildirilir ki, 13–14 fevral tarixlərində Yerevanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli “dəyirmi masa” iclası keçirilir.
Bu dəfə görüş daha geniş tərkibdə baş tutur. Əvvəlki görüşlərdə hər iki tərəfdən beş iştirakçı olmuşdu. Bu dəfə isə əlavə ekspertlər də cəlb edilib.
Erməni tərəfdən 20, Azərbaycan tərəfdən isə 19 nümayəndə iştirak edir. Ermənistandan iştirakçılardan biri JAMnews-un Ermənistan ofisinin direktoru və redaktoru Naira Martikyandır.
Dəyirmi masanın gündəliyi hələ açıqlanmayıb. Yalnız qeyd olunur ki, müzakirələr zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqtonda, Donald Trampın iştirakı ilə iki ölkə liderlərinin sammitində qəbul olunmuş sülh gündəliyindəki prosesləri müzakirə edəcəklər.
“İclasın ayrı-ayrı sessiyaları formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavrayışına, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də vətəndaş cəmiyyətinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində roluna həsr olunacaq”, — bəyanatda deyilir.
Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü 2025-ci ilin oktyabrında Yerevanda baş tutub. Bir ay sonra erməni ekspertlər Bakıya səfər edib.
İkinci görüşdən sonra tərəflərin işgüzar əlaqələri və qarşılıqlı səfərləri davam etdirmək barədə razılığa gəldiyi elan olunub. Həmçinin təşəbbüsün “Sülh körpüsü” adlandırılacağı bildirilib.
Hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin gündəliyinə Ermənistan–Azərbaycan danışıqlarının mövzusu olan sülh müqaviləsinin imzalanmasından tutmuş kommunikasiyaların blokadasının aradan qaldırılmasına qədər bütün məsələlər daxildir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
