Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək və bu gün də olmasa sabah onlar mütləq Ermənistana qayıdacaq.
Boyukmillet.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu sosial media hesabında Alen Simonyanın sadəcə seçkiöncəsi erməni cəmiyyətinə hesablanmış səmimiyyətdən uzaq açıqlama ilə çıxış etdiyini bildirib.

“Simonyan sadəcə bu açıqlama ilə erməni ictimaiyyətinə mesaj göndərir ki, Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. Halbuki, Ruben Vardanyan kimi caninin sərbəst buraxılması başda baş nazir Nikol Paşinyan və elə Alen Simonyan olmaqla Ermənistan hakimiyyətinin problemlərini artırardı. Bir anlığa təsəvvür edək ki, Ruben Vardanyan hansısa yolla Qarabağdan Ermənistana qaçmağa müvəffəq olur. Bu halda İrəvanda peyda olan oliqarx erməni Rusiyanın da dəstəyi ilə Nikol Paşinyanın devrilməsi və Ermənistanda daxili gərginliyin artırılması üçün milyardlarını xərcləyəcəkdi”- deyə Elxan Şahinoğlu qeyd edib.
Politoloq vurğulayıb ki, Vardanyanı biz həbs etməsəydik, onu bir müddət sonra İrəvanda Paşinyan həbs etmək məcburiyyətində qalacaqdı:
“Bu isə parlament seçkisi öncəsində həmin oliqarxın tərəfdarlarının Paşinyana təzyiqi ilə müşahidə olunacaqdı. Ona görə də Alen Simonyan açıqlamasında səmimi deyil. O və onun lideri Riben Vardanyanın məhz Azərbaycanda məhbus həyatını davam etdirməsində maraqlıdırlar”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
