Fevralın 24-də BMT Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin dördüncü ildönümündə “Ukraynada davamlı sülhə dəstək” adlı qətnamə qəbul edib.
Ukraynanın suverenliyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təsdiqləyən sənədin lehinə 107 ölkənin nümayəndəsi səs verib.
Qətnamənin əleyhinə 12 dövlət – Rusiya, Belarus, Burkina-Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Niger, Nikaraqua və Sudan səs verib.
Daha 51 ölkə isə bitərəf qalıb. Onların arasında ABŞ, Çin, Hindistan, Cənubi Afrika Respublikası, Ermənistan, Qazaxıstan, Braziliya və BƏƏ də var.
Azərbaycan daha öncə bir sıra səsvermələrdə olduğu kimi davranıb, səsvermədə iştirak etməyib. Onunla bir sırada Türkmənistan, Venesuela kimi ölkələr yer alır.
Sənəddə Ukraynada dərhal atəşkəsin elan olunmasına, hərbi əsirlərin tam mübadiləsinə, Rusiyanın qanunsuz saxladığı bütün şəxslərin azad edilməsinə və mülki şəxslərin Ukraynaya qaytarılmasına çağırış edilir.
Prezident Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb, ona səs verən 107 ölkənin hər birinə minnətdarlıq bildirib.
Bununla yanaşı, ABŞ qətnamənin ayrı-ayrı bəndləri üzrə xüsusi səsvermə keçirilməsini tələb edib. Xüsusilə Vaşinqton Ukraynanın ərazi bütövlüyü ilə bağlı hissə və beynəlxalq hüquqa uyğun “ümumi, ədalətli və davamlı” sülhə çağıran abzas üzrə ayrıca səsvermənin keçirilməsində israr edib.
ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini Temmi Bryus bildirib ki, ABŞ dərhal atəşkəs çağırışını dəstəkləyir. Lakin onun sözlərinə görə, qətnamə ümumilikdə “davam edən danışıqları dəstəkləmək əvəzinə onları poza biləcək və davamlı sülhə aparan bütün diplomatik kanallara mane ola biləcək müddəalar” ehtiva edir. ABŞ-ın ayrıca səsvermə tələbi dəstək qazanmadığından Vaşinqton səsvermədə bitərəf qalıb.
Həmin gün Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında yarıboş zalda çıxış edib. Onun çıxışını təxminən 40 Qərb ölkəsinin nümayəndəsi boykot edib. Buna cavab olaraq Lyubinski Avropanı “rusofobiya”da ittiham edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
