Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib.
Boyukmillet.com -un xəbərinə görə, Prezident İlham Əliyev çıxışında bildirib ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur: “Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir. Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur”.
Energetika naziri Pərviz Şahbazov isə çıxışında vurğulayıb ki, Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq və bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatında struktur transformasiyaya təkan verəcək.
Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a şərhində bildirib ki, Cənub Qaz Dəhlizi regionun enerji təhlükəsizliyinin formalaşmasında xüsusi rol oynayan layihədir:

“Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkə Azərbaycanın mavi qazını alır. Hər il Azərbaycanın Avropaya nəql etdiyi mavi qazın həcmi artır. Bu, təbii ki, Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfədir. Eyni zamanda təkcə Avropa və Avropa İttifaqı deyil, regiondan kənar, o cümlədən Yaxın Şərq ölkələri də Azərbaycan mavi qazından istifadə edirlər. Bu xüsusda Suriyanı qeyd etmək olar. Azərbaycan Avropaya mavi qaz ixrac edən ölkələr sırasında ilk beşlikdə yer alır. Beləliklə, alternativlər və digər layihələrlə müqayisədə Cənub Qaz Dəhlizinin regional təhlükəsizliyə daha böyük töhfə verdiyini müşahidə edirik”.
V. Bayramov əlavə edib ki, növbəti illərdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti artırılacaq: “Bu dəhliz vasitəsilə 31,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulub. Birinci mərhələdə Avropa bazarına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır. Bu baxımdan sözügedən dəhliz uzun müddət Avropanın enerji təhlükəsizliyində xüsusi paya malik olacaq”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
