İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib.
Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 80-dən çox qırıcısı cəlb olunub.
Əməliyyat zamanı qırıcılar 230-a yaxın döyüş sursatı ataraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “İmam Hüseyn” adına Mərkəzi Hərbi Universiteti də daxil olmaqla bir neçə hədəfi vurub.
İsrail tərəfinin məlumatına görə, obyekt SEPAH-ın ehtiyat bazası və yığım kompleksi kimi, eləcə də müxtəlif bölmələrin yerləşdirilməsi üçün istifadə olunurdu. “Universitetdə İran rejiminin hərbi qüvvələrinə adi və fövqəladə şəraitdə xidmət edən obyektlər yerləşirdi. Orada raket bölməsinin bunkerləri və İsrail Dövlətinin ərazisinə raketlərin buraxılması üçün nəzərdə tutulmuş buraxılış infrastrukturu olan anbarı var idi”, – bəyanatda bildirilib.
Bundan əlavə, ballistik raketlərin yeraltı saxlama və istehsal obyektinə zərbə endirilib, İsrail ordusunun məlumatına görə, burada İran silahlı qüvvələrinin yüzlərlə hərbi qulluqçusu olub. Onun ərazisində bunkerlər və komanda mərkəzləri yerləşirdi.
Qeyd olunub ki, İsrail qüvvələri ərazisinin atəşə tutulmasını azaltmaq məqsədilə İranın qərb və mərkəzi hissəsinin bir neçə rayonunda raketlərin buraxılış mövqelərinə hücum edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
