Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft ixracatçısı olan ölkələrin iqtisadi gələcəyi yenidən diqqət mərkəzinə çevrilib. Qlobal bazarlarda qiymətlərin yüksəlməsi ilk baxışdan bu ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, prosesin arxa planında həm makroiqtisadi risklər, həm də uzunmüddətli struktur problemlər dayanır. Bu baxımdan, neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri yalnız cari gəlirlərlə məhdudlaşmır, eyni zamanda inflyasiya, valyuta sabitliyi və iqtisadi diversifikasiya kimi mühüm məsələləri də gündəmə gətirir.
Bəs artan neft qiymətləri Azərbaycan üçün daha çox fürsət yaradır, yoxsa yeni risklər formalaşdırır?
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, neftin bahalaşması ilk növbədə Azərbaycanın büdcə gəlirlərinin və Dövlət Neft Fondunun daxilolmalarının artmasına səbəb olur.
“2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürüldüyü halda, hazırda dünya bazarında qiymətlər 100 dollardan yuxarı səviyyədə formalaşır. Qiymətlərin uzun müddət yüksək qalması dövlət gəlirlərini artırmaqla yanaşı, iri investisiya layihələrinin genişlənməsinə də şərait yaradır. Bu isə öz növbəsində yeni iş yerlərinin açılmasına, iqtisadi aktivliyin yüksəlməsinə və ümumi daxili məhsulun artmasına təkan verir”.
Bununla yanaşı, ekspert vurğulayıb ki, neftin bahalaşması qlobal miqyasda xərclərin artmasına da səbəb olur:
“Nəticədə idxal məhsullarının qiyməti yüksəlir ki, bu da ölkə daxilində inflyasiya risklərini artırır. Bu proses milli valyutaya da təzyiq göstərər və xarici təsirlərin iqtisadiyyata ötürülmə gücünü artırar. Neftin qiymətinin qısa müddətdə yüksək olması Azərbaycan üçün daha çox faydalıdır. Lakin uzun müddət yüksək qiymətlərin davam etməsi həm inflyasiya risklərini, həm də makroiqtisadi sabitlik üçün təhdidləri artırır”.
Ekspert hesab edir ki, bu risklərin qarşısını almaq üçün hökumət tərəfindən qabaqlayıcı və hibrid maliyyə-strateji tədbirlərin həyata keçirilməsi vacibdir
Boyukmillet.com Biz yanmasaq vətən yanar
