Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında 61,5 milyon dollar dəyərində qiymətli daşlar və metallar ixrac edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 40,6 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu təsnifata daxil olan məhsulların böyük hissəsini qızıl təşkil edir. Yəni söhbət əsasən Azərbaycanda qızıl hasil edən “Azergold” şirkətinin istehsal etdiyi və xaricə satdığı qızıldan gedir.

Bu məhsulun idxalına gəldikdə isə, görünür ki, cari ilin ilk iki ayında qızıl alışı minimum səviyyəyə enib. Belə ki, ötən ilin əvvəlində qızılın bir unsiyasının qiyməti orta hesabla 2650-3000 manat arasında dəyişərkən, Azərbaycan Dövlət Neft Fondu ehtiyatları artırmaq məqsədilə aktiv şəkildə qızıl alışı həyata keçirib. Həmin dövrdə ölkəyə idxal edilən malların təxminən 35 faizini qızıl və digər qiymətli metallar təşkil edirdi. Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-fevral aylarına olan məlumatında 1,4 milyard dollar dəyərində qiymətli metal idxal olunduğu qeyd edilirdi. Cari ilin eyni dövründə isə bu göstərici kəskin azalaraq cəmi 9,6 milyon dollara qədər enib.

Qeyd edək ki, ötən il Dövlət Neft Fondu qızıl ehtiyatlarını 36,4 faiz artıraraq 200 tona çatdırıb. Məlumatlara görə, 2025-ci ildə 6,2 milyard ABŞ dolları dəyərində qızıl idxal edilib. Qızılın bir unsiyasının qiymətinin 5000 dolları keçməsi nəticəsində Fond büdcədənkənar gəlirlərini təxminən 12 milyard ABŞ dollarına qədər artıra bilmişdi.

Hazırda dünya bazarında qızılın bir ünsiyasının qiyməti 4500-5000 dollar civarında dəyişir. İqtisadçıların fikrincə, ilin ilk iki ayının göstəricilərinə əsasən qızılın bahalaşdığı dövrdə Azərbaycan hökuməti onu almaqdan daha çox satmağa üstünlük verib. İxracdakı 51 faizlik artım da məhz hasilatın çoxalması ilə deyil, qızılın ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksək qiymətə satılması ilə bağlıdır. İqtisadçılar deyir ki, qızılın bahalaşması iki ayda ölkəyə daxil olan valyuta axınının artmasına səbəb olub.

Check Also

Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə “Azros-PL” MMC-nin …