Ölkədə rəsmi olaraq Həcc ziyarətinin təşkili yalnız Qafqaz Müsəlmanlar İdarəsinə məxsusdur. Yəni turizm şirkətləri bu ziyarəti gerçəkləşkdirmək səlahiyyətində deyillər.
Bəs maraqlıdır, Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən dindarların daimi olaraq ziyarət etdiyi Kərbəla, Nəcəf və Məşhəd şəhərlərinə ziyarət turu təşkil edilirmi?
Boyukmillet.com xəbər verir ki Qafqaz Müsəlmanlar İdarəsinin Xarici Əlaqələr şöbəsindən Kərbəla və Məşhədə ziyarət etmək üçün müraciət edənlərin sayının az olduğu bildirilib:
“İndi Kərbəla, Nəcəf və Məşhədə zəvvar aparan şirkətlər çoxdur deyə, Qafqaz Müsəlmanlar İdarəsinə bu istiqamətdə ziyarət etmək üçün müraciət edən şəxslər az olur. Əsasən zəvvarlar turizm şirkətlərinə müraciət edir. Hardasa 500 manat ödəməklə idarə tərəfindən Kərbalaya ziyarətlər təşkil olunur. Turizm şirkətləri də təxminən 300 dollara Kərbalaya tur təşkil edir. Bizə müraciətlər mövsümdən aslı olaraq dəyişir. İslam dünyasının əlamətdar günlərində Kərbəlaya getmək istəyən müsəlmanların sayı daha çox olur. Ramazan, Şaban, Məhərrəmlik ayı müsəlmanların ən çox Kərbəlaya getdiyi aylar sırasındadır”.
Turizm şirkətlərinin isə Kərbəla və Məşhəd şəhərlərinə ziyarətlə bağlı qiymətləri və cavabları fərqlidir:
Delta Turizm: “Bizə müraciət edən vətəndaşlar adətən qonşu ölkələrə ya da Avropa ölkələrinə səfər etmək üçün müraciət edir. Məşhəd və ya Kərbəlaya ziyarətə getmək istəyənlər demək olar ki, yoxdur. Mürciət daxil olmadığı üçün biz də tur təşkil etmirik”.
Amazing Travel: “Məşhəd və Kərbəlaya ziyarət turları üçün müraciətlər daxil olur. Bir nəfər üçün ziyarət turunun qiyməti 220 manatdır. Həmin qiymətə təhlükəsizlik və bəzi məsələlər də daxildir”.
Mövla Tur: “Kərbəla-Məşhəd yox, bu ay sonu Məşhəd-Qum ziyarəti təşkil edirik. Bir nəfər üçün qiymət, otel də daxil 60 manatdır. Ziyarət turları təşkil etdiyimiz üçün Kərbəla və Məşhədə getmək üçün bizə müraciətlər çox daxil olur”.
Salam Tour: “Bu ay Kərbəla-Məşhədə ziyarətlər ardıcıl olaraq təşkil olunur. Fevralın 10-15-i arası Kərbəla-Məşhəd turunun qiyməti 350 manat oldu. Qiymətə qidalnma, otel qiymətləri də daxil edilmişdi”.
Seven Group: “Kərbəla və Məşhədə ziyarət etmək üçün aktiv olaraq bizə müraciətlər daxil olur. Turların qiyməti mövsümə görə dəyişir. Hazırda Məşhəd ziyarətinin qiyməti 55 manatdır”.
Fly.az Travel: “Adətən bizə Avropa ölkələrinə və Türkiyəyə səfər etmək üçün müraciət edirlər. Kərbəla və ya Məşhədə müraciət az olduğundan həmin istiqamətlərdə turlar təşkil etmirik”.