Murad Köhnəqala
Xəbər portallarında qənşərimə gözəl bir azərbaycanlı uşağın fotosu çıxdı. Xəbər və şərhlərdən anladım ki, Banu adlı bu uşaq sosial şəbəkələrdə xeyli məşhurdu və deyilənə görə bir milyona yaxın izləyicisi var.
Ağsifət, mavigözlü, gözəl çöhrəli qızcığazın pozitiv fotoları ürəyimi açsa da, xalqımın (xüsusən də qadınların) yazdığı şərhlər səhər-səhər qanımı qaraltdı. Acıdım, əsəbiləşdim, xəcalət çəkdim!
Təsəvvür edin, iki uşaq anası olduğunu xüsusi vurğulayan bir arvad şəklin altındakı şərhində yazır ki, bu uşağı gözümə az soxun, mənə öz uşaqlarım şirindi! Beli şallı, üzü qıllı bir arvad da yazıb ki, ən gözəl uşaq başına hicab bağlayandı, bu nədi, qız uşağını bəzəyib ortaya qoyublar? Başqa bir arvad da qazanı qazda yana-yana qoyub, özünü dabanbasma yetirib yazır ki, ay camaat, bu uşağın yiyəsi yoxdumu? Bunu sabah kim alacaq? Valideynləri niyə bu cür səviyyəsiz iş tutub?
Təkcə gözəl bir qız uşağının şəkli cəmiyyətdə dolaşan paxıllığın və nifrətin üzə çıxmasına bəs eləyib. Bunlar təbii bir gözəlliyi süngü ilə qarşılamağa çoxdan başlayıblarmış ki! Dəhşətdi! Demək, hər şey qara olmalıdı, hamı qara geyməlidi, insanlar sürü halına keçməlidi, fərdlər asılmalıdı!
Axıra qədər dözüb, şərhlərin hamısını oxuya bilmədim. Qapağı atmış, qıcqırmış savadla içinin murdarını balaca bir qızcığazın şəklinin altına boşaldan bu şəriət qafalı adamların böyütdüyü uşaqların axırı necə olacaq?
Görün, bu ölkədə uşağı kimlər “istehsal” edir, vətəndaşı hansı analar yetişdirir!
Uşaq fotosuna bu qədər zəhər, kin, nifrət püskürməyə qadir cəmiyyət, sözsüz ki, anormal olacaq. Əlbəttə, uşaq psixikası pozğun, təfəkkürü qaranlıq valideynlərin himayəsində böyüyərsə bir gün əlinə fırça-qələm yox, balta alacaq. Cəhalət, savadsızlıq bu ölkəni fərd-fərd yox, ev-ev, ailə-ailə, küçə-küçə, kənd-kənd, rayon-rayon udacaq. Elm yoxa çıxdıqca, şəriət güclənəcək, alim dəyərdən düşdükcə molla qiymətə minəcək, qadın ictimai həyata qapandıqca debilləşəcək, hüquqsuzlaşacaq, köləyə çevriləcək. Qadını kölə olan toplumda öldürmə, zorlama, baltalama xəbərləri gündən-günə artacaq, cinayət baş alıb gedəcək. “Ən gözəl uşaq başıbağlı uşaqdı” düşüncəsində olan bir ananın tərbiyə verdiyi oğul, sevgilisi ilə sms-ləşdiyinə görə bacısını öldürəcək, başqa kişiyə ərə getdiyinə görə anasını baltalayacaq, söyüşə görə bıçaqlaşacaq, bədbəxt olacaq və özüylə də bir neçəsini bədbəxt edəcək.
Bax, cəmiyyətdə belə bir sonu görünməyən, dəhşətli proseslər qaynaşır. Bir dostum həmişə deyirdi, Azərbaycanda bahalı maşınları, böyük evləri dəbə mindirən qadınlardı. Qonşuda gördüyündən daha böyüyünə nail olmadıqca ərini bezdirən savadsız və iddialı qadınlar! Düz deyirmiş!
Dostlarla görüşdüyümüz kafedə yuxarı başa qoyulmuş televizorda Azərbaycan serialı gedirdi, qulağım ötəri çaldı, tələbə oğlan öz dostuna nə desə, yaxşıdı? “Yaxşı qız axşam saat 9-da evdən çölə çıxmaz, ala!” Özü də bu oğlan serialın müsbət personajıdı, cavanlar baxıb ondan ağıl öyrənir.
Al, bu da sənə bəzilərinin sovet adamlarına qarşı qoyduğu müasir gənclik! Oğul, sən indi mənə bax, universitet tələbəsinin ağzından çıxartdığı şəriət-tin təfəkkürünün qarışığından əmələ gəlmiş o çürük fikirləri sovetdənqalma kişilərin ən primitivindən də eşidə bilməzsən.
Bəxtimiz onda gətirdi ki, 1828-ci ildə İran bizi bütövlükdə qamarlaya bilmədi. Rusiya sərvətimizi taladı, amma başımıza vura-vura oxutdu, əlimizdən çomağı alıb, kağız-qələm verdi, ən ucqar kəndlərimizə işıq, yol, elektrik, mavi qaz çəkdirdi, məktəblər, kitabxanalar açdı.
Söz hardan-haraya uzandı? Balaca qızcığazın şəklinə yazılan çirkin rəylərdən danışırdıq, axı.
Avropanı müqayisə etməyə qıymıram, Rusiyada, Ukraynada, Belorusda, Gürcüstanda, Ermənistanda uşaqların əqli və fiziki qabiliyyətini, xarici gözəlliyini nümayiş etdirən müxtəlif yönümlü müsabiqələr keçirilir. Qaliblər hər yerdə təbliğ olunur, insan gözəlliyini artırırlar. Beləcə, uşaqlar ağlı kəsəndən gözəlləşməyə, biliklənməyə can atır.
Qara qitəni, ərəb ölkələrini çıxmaqla deyə bilərəm ki, dünyanın digər qalan hissəsində uşaqlar istənilən mental hücumdan, seksist ayrı-seçkilikdən, mənəvi-fiziki zorakılıqdan qorunurlar. Təkcə dövlət yox, toplumun özü də uşaqların qorxusuz, komplekssiz, özgür böyüməsini təmin edir.
Əziz arvadlar, zəhmət olmasa paxıllığınızı, kininizi, qaramatınızı “Ariel”lə yaxşı-yaxşı yuyun, gözəlliyə dözümünüz olsun!