Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Azərbaycan Dəmir Yolları”nın rəsmiləri Avropada görüşlər keçirib

Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Slovakiyada səfərdədir.

Boyukmillet.com bu barədə səhmdar cəmiyyətinin törəmə müəssisəsi – “ADY Konteyner” MMC-yə istinadən xəbər verir. 

Məlumata görə, “Azərbaycan Dəmir Yolları”nın sədr müavini İqbal Hüseynov, Avropadakı nümayəndəsi Fərəc Haqverdiyev və “ADY Konteyner”in direktoru Natiq Cəfərovdan ibarət nümayəndə heyəti Mərkəzi Avropanın aparıcı dəmir yolu və logistika şirkəti olan “Metrans”ın rəhbərliyi ilə görüş keçirərək bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Metrans” Hamburq limanını idarə edən Almaniyanın HHLA nəqliyyat və logistika şirkətinə məxsusdur. Görüşdə Metransı icraçı direktor Peter Kiss, şirkətin biznesin inkişafı üzrə səlahiyyətli nümayəndələri Martin Koubek və Stefan Esztergalyos təmsil ediblər.

“Metrans” konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq intermodal dəmir yolu şirkətidir. 25 ildən çox tarixə malik olan bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir.

Şirkət Avropa qitəsində əsasən Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir.

Görüşdə “Metrans” və “Azərbaycan Dəmir Yolları” arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İ.Hüseynov ölkəmizdə dəmir yolu ilə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan islahatlar, N.Cəfərov isə ölkəmizin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …