Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Xəzər can almağa davam edir – Bəs hökumət hələ nəyi gözləyir?

Xəzər dənizi bu yay da insan həyatı udmaqda davam edir. Demək olar ki, hər həftə boğulma xəbəri yayılır, hər gün bir ailənin ocağı sönür, hər dəfə də eyni cümlələri eşidirik: “Hadisə nəzarətsiz ərazidə baş verib”, “Vətəndaş təhlükəsizlik qaydalarını pozub”, “Araşdırma aparılır.”

Bəs sual olunur: İnsanlar ölməzdən əvvəl dövlət harada idi?

İllərdir eyni faciələr təkrarlanır. Eyni çimərliklər, eyni təhlükəli sahələr, eyni xəbərdarlıqlar və eyni acı sonluq. Əgər hər il onlarla insan həyatını itirirsə, bu artıq təkcə vətəndaş məsuliyyətsizliyi deyil, həm də təhlükəsizlik sisteminin uğursuzluğudur.

Ən asan yol günahı ölən insanın üzərinə atmaqdır. Ancaq dövlətin vəzifəsi faciədən sonra izahat vermək deyil, faciənin qarşısını almaqdır.

Əgər müəyyən ərazilər təhlükəlidirsə, niyə həmin yerlər tam nəzarətə götürülmür? Niyə orada daimi xilasedici postları yoxdur? Niyə təhlükəli sahillər sadəcə bir xəbərdarlıq lövhəsi ilə başlı-başına buraxılır?

Hər il milyonlarla insan Xəzər sahillərinə üz tutur. Bəs onların təhlükəsizliyi üçün ayrılan vəsait hara xərclənir? Müasir müşahidə sistemləri, xilasedici qüllələr, sürətli müdaxilə qrupları niyə bütün riskli əraziləri əhatə etmir?

Ən ağrılı məqam isə budur ki, hər boğulma hadisəsindən sonra bir neçə gün danışılır, sonra isə hər şey unudulur. Növbəti faciəyə qədər…

Bu, normal qəbul edilə bilməz!

İnsan həyatı statistik rəqəm deyil. Hər boğulan insanın arxasında dağılan bir ailə, atasız qalan övlad, ömürlük yaralanan valideyn dayanır.

Aidiyyəti dövlət qurumları cəmiyyət qarşısında hesabat verməlidir.

Niyə təhlükəli çimərliklər tam bağlanmır?

Niyə xilasedicilərin sayı kifayət etmir?

Niyə hər boğulma hadisəsinin səbəbləri ictimaiyyətə tam açıqlanmır?

Niyə eyni səhvlər ildən-ilə təkrarlanır?

Bu suallar cavabsız qaldıqca, yeni faciələrin baş verməsi təəssüf ki, qaçılmaz olacaq.

Dövlətin gücü yalnız qanun qəbul etməkdə yox, insan həyatını qorumaqda görünməlidir. Əgər hər yay Xəzər insan canı almaqda davam edirsə, deməli görülən tədbirlər yetərli deyil.

İnsanları yalnız “dənizə girməyin” deməklə qorumaq mümkün deyil. Təhlükəsizlik sistemini kökündən dəyişmək, nəzarəti gücləndirmək və məsuliyyətsizliyə son qoymaq lazımdır.

Çünki sabah boğulan həmin insan sizin, mənim və ya hər hansı bir ailənin övladı ola bilər.

Hökumət artıq hadisələrə seyrçi qalmaq yox, konkret və təsirli addımlar atmalıdır. İnsan həyatı hər şeydən qiymətlidir.

Boyukmillet.com

Check Also

MKA: “TikTok”da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “TikTok” platformasında ödəniş sistemlərini təqlid …