BMT missiyası ABŞ-nin Minabdakı məktəbə endirdiyi və 150-dən çox insanın ölümünə səbəb olan hava hücumunun müharibə cinayəti olduğu qənaətinə gəlib.
Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, missiya həmçinin İran hakimiyyətinin ötən qış hökumət əleyhinə etirazları yatırmaqda insanlığa qarşı cinayətlər törətdiyini müəyyən edib.
Missiyanın nəticələri Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasında təqdim ediləcək hesabatda dərc edilib. ABŞ və İran nümayəndələri hələlik sənədlə bağlı şərh verməyiblər.
BMT-nin fakt araşdırma missiyaları məhkəmə deyil, istintaq orqanlarıdır və məhkəmə qərarları vermir. Lakin onların tapıntıları Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, milli məhkəmələr və ya beynəlxalq tribunallar tərəfindən aparılan cinayət araşdırmalarında istifadə edilə bilər.
BMT ekspertləri bildiriblər ki, ABŞ ordusunun İranın cənubundakı Minab şəhərindəki qızlar məktəbinə hücumda məsuliyyət daşıdığına inanmaq üçün ağlabatan əsaslar var. İran hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində təxminən 120 uşaq da daxil olmaqla 150-dən çox insan həlak olub.
Missiya hücumun ayrı-seçkilik edilmədən həyata keçirildiyi, mülki şəxslərin ölümünə səbəb olduğu və mülki infrastruktura ziyan vurduğu qənaətinə gəlib ki, bu da beynəlxalq hüquqa görə müharibə cinayəti hesab olunur.
Hesabata görə, ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz kompleksinin yaxınlığında yerləşən məktəb üçün hədəf məlumat bazalarını yeniləməməsi, eləcə də binanın hərbi hədəf olub-olmadığını yoxlamaması sadəcə səhlənkarlıqdan kənara çıxıb.
Hesabatda deyilir: “ABŞ mülki hədəfi vurma riskini bilərək və belə bir nəticənin ehtimalına qarşı ehtiyatsızlıqla hərəkət edərək məktəbə zərbə endirib”.
BMT ekspertləri məktəbin açıq şəkildə fərqləndirilə bilən mülki hədəf olduğunu və onun hərbi məqsədlər üçün istifadəsinə dair heç bir dəlil tapmadığını bildiriblər.
Ekspertlər Lamerde şəhərindəki idman kompleksinə edilən hücumla bağlı da oxşar nəticəyə gəliblər. Hesabatda qeyd olunur ki, hücum yaxınlıqdakı yaşayış binalarına və bir məktəbə zərər vurub, 22 mülki şəxs ölüb və yaralanıb. Ekspertlər hücumun fərləndirmə edilmədən baş verdiyini və buna görə də müharibə cinayəti təşkil etdiyini bildiriblər.
BMT missiyasının araşdırması nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayının sonlarında İranda baş verən etirazlar zamanı ölkə hakimiyyəti mülki əhaliyə qarşı genişmiqyaslı və sistematik repressiyalar həyata keçirib. Buraya qanunsuz qətllər, işgəncələr, özbaşına həbslər, məcburi yoxa çıxmalar və ifadə azadlığına ciddi məhdudiyyətlər daxildir.
İnsan haqları təşkilatları iddia edir ki, basqınlar zamanı öldürülənlər arasında yoldan ötənlər də olub. Tehran etirazlar zamanı baş verən ölüm və zorakılıqda “terrorçular və iğtişaşçılar”, eləcə də ABŞ və İsraili günahlandırıb.
Hesabatda qeyd olunur ki, ekspertlər ölənlərin sayını müstəqil şəkildə təsdiqləyə bilməyiblər. Lakin onlar hesab edirlər ki, ölən və yaralananların faktiki sayı rəsmi rəqəmlərdən xeyli çoxdur, çünki 3038 nəfər həlak olub və 25000 nəfər yaralanıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
