Çərşənbə , 18 Noyabr 2026
Drone Cameras

Telman Nüsrətoğludan Fərhad Bədəlbəyliyə SƏRT SÖZLƏR: “Şuşada mat olan Ərdoğan deyil, sovet təfəkkürüdür!”

“Rektor, professor, Xalq artisti kimi titullar daşıyan Fərhad Bədəlbəylinin ‘İstanbula getmədi şah, Şuşaya gəldi, mat’ ifadəsi təkcə siyasi bəsirətsizliyin deyil, həm də qardaş Türkiyəyə və onun liderinə münasibətdə köhnəlmiş düşüncə tərzinin təzahürüdür”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Telman Nüsrətoğlu Xalq artisti Fərhad Bədəlbəylinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, belə bir ifadənin arxasında sadəcə uğursuz siyasi mülahizə deyil, daha ciddi dünyagörüşü problemi dayanır:

“Rektor, professor və Xalq artisti titulları insanın siyasi təfəkkürünün də yüksək səviyyədə olduğuna zəmanət vermir. Fərhad Bədəlbəylinin yanaşmasında qardaş ölkənin liderini özgələşdirən, Türk dünyasının ortaq dəyərlərinə yad və sovet şinelindən çıxmış düşüncənin izləri açıq görünür. Görünür, bəzi insanlar üçün sovet dövrü tarixə qovuşsa da, onun zehni əsarəti hələ bitməyib.

Fərhad Bədəlbəyli bilməlidir ki, İstanbul bizim üçün adi coğrafi məkan deyil. İstanbul Türk-İslam dünyasının qüruru, tarixi yaddaşımızın, mənəvi kimliyimizin və ortaq sivilizasiyamızın möhtəşəm rəmzidir. Ora getmək də şərəfdir, savabdır!

Türkiyə iqtisadi qüdrəti, ordusu, əhalisi və beynəlxalq nüfuzu ilə Türk dünyasının lokomotividir. Rəcəb Tayyib Ərdoğan isə dünya siyasətinin ən sanballı və təsirli liderlərindən biridir. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, o, yalnız Türkiyənin deyil, bütövlükdə Türk dünyasının önəmli siyasi lideridir.

Belə bir liderin Şuşaya səfərini ‘mat olmaq’ kimi təqdim etmək siyasi hadisələri düzgün oxuya bilməmək, Azərbaycan-Türkiyə münasibətlərinin strateji və mənəvi mahiyyətini anlamamaqdır”.

Telman Nüsrətoğlu bildirib ki, Şuşanın siyasi eyhamlara və uğursuz şahmat bənzətmələrinə mövzu edilməsi qəbuledilməzdir:

“Ərdoğanın Şuşaya gəlişi mat olmaq deyil, Şuşanın şahlanışıdır!

Şuşa kiminsə məğlubiyyət meydanı yox, Azərbaycan xalqının qanı və canı bahasına qazandığı tarixi Zəfərin rəmzidir. Türkiyə Prezidentinin orada olması iki qardaş dövlətin ortaq iradəsinin, siyasi həmrəyliyinin və ‘Bir millət, iki dövlət’ məfkurəsinin təntənəsidir.

Şuşaya gələn təkcə Rəcəb Tayyib Ərdoğan deyildi. Onun timsalında bu müqəddəs şəhərə qardaş Türkiyənin gücü, sevgisi və Türk dünyasının birlik iradəsi gəlmişdi.

Əgər bu səfərdə kimsə mat olubsa, o da Türk dünyasının yüksəlişini hələ də sovet təfəkkürünün köhnəlmiş qəlibləri ilə ölçməyə çalışan zehniyyətdir!

Fərhad Bədəlbəyli anlamalıdır ki, Şuşa şahmat taxtası deyil, Türk dünyasının qürur qalasıdır. Orada şah və mat axtarmaq əvəzinə, Azərbaycan-Türkiyə qardaşlığının tarixi mənasını dərk etmək lazımdır.

Sənətdə böyük ad sahibi olmaq mümkündür, amma bu, siyasi mühakimələrdə edilən böyük yanlışları ört-basdır etmir. Xüsusilə söhbət Azərbaycanın ən həssas milli dəyərlərindən və qardaş Türkiyə ilə münasibətlərindən gedirsə!”

Check Also

Dövlət qulluğu imtahanlarında iki fənn ləğv edilir? – RƏSMİ CAVAB

“Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin gözlənilməsi ilə bağlı məlumatın heç …