Qazi İbrahim Cabarovun müraciəti:
Hacı Vəliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı məlumatlar məni son dərəcə narahat edir.
Məlumatlara görə, Hacı Vəliyev şiddətli böyrək ağrılarından əziyyət çəkir, gecə saatlarında belə böyrək tutmaları keçirir. Buna baxmayaraq, onun vaxtında həkim müayinəsindən keçirilməsi və zəruri tibbi yardımla təmin olunması ilə bağlı ciddi problemlər yaşanır.
Bu vəziyyətə susmaq, baş verənlərə adi hal kimi yanaşmaq mümkün deyil!
Hacı Vəliyevin yaxınları öz şəxsi vəsaitləri hesabına ona tibbi vasitə göndəriblər. Lakin həmin vasitənin müəssisəyə çatdırılarkən sındırılması faktı da ayrıca araşdırılmalıdır. İnsan sağlamlığının qorunması üçün göndərilən tibbi vasitə belə təyinatına çatmırsa, burada cavablandırılmalı ciddi suallar var.
Mən açıq şəkildə soruşuram: Hacı Vəliyev həbsdə olduğu üçün tibbi yardımdan məhrum edilməlidirmi? Onun səhhətinin ağırlaşmasını gözləyirlərmi? İnsan həyatı və sağlamlığı nə vaxtdan bu qədər əhəmiyyətsiz olub?
Bir daha xatırladıram ki, azadlıqdan məhrumetmə insan hüquqlarının ləğvi demək deyil. Həbsdə olan şəxsin də tibbi müayinə, müalicə və sağlamlığının qorunması hüququ var. Bu hüququ təmin etmək isə dövlətin və aidiyyəti qurumların birbaşa öhdəliyidir.
Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən TƏLƏB EDİRƏM:
Hacı Vəliyev dərhal ixtisaslı həkim müayinəsindən keçirilsin.
Böyrəklərinin vəziyyəti hərtərəfli yoxlanılsın və zəruri müalicə təmin edilsin.
Tibbi göstəriş olduğu təqdirdə ixtisaslaşmış xəstəxanaya yerləşdirilsin.
Tibbi vasitənin sındırılması faktı araşdırılsın və ictimaiyyətə açıqlama verilsin.
Onun yaxınlarına səhhəti barədə rəsmi və ətraflı məlumat təqdim edilsin.
Mən heç kimdən xüsusi münasibət və ya qanundan kənar imtiyaz tələb etmirəm. Tələbim insan hüquqlarına hörmət, qanunun icrası və insan sağlamlığının qorunmasıdır.
Aidiyyəti qurumlara xəbərdarlıq edirəm: Hacı Vəliyevin səhhətində baş verə biləcək hər hansı ağırlaşmaya biganə qalmaq olmaz. Bu məsələ təxirəsalınmaz qaydada nəzarətə götürülməlidir!
İnsan həyatına laqeydlik göstərilməsini qəbul etmirəm. Hacı Vəliyevə dərhal tibbi yardım göstərilməlidir!
Qazi İbrahim Cabarov
Boyukmillet.com
Boyukmillet.com Biz yanmasaq vətən yanar

