Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi planlaşdırır.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən “Əsrin gəncliyi: Enerji” proqramında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, dünya ən böyük enerji böhranlarından biri ilə üzləşsə də, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə enerji təchizatında ciddi problemlərlə qarşılaşmayıb.
A.Bayraktar “Milli Enerji 2040” strategiyasının əsas istiqamətlərindən danışaraq, bərpaolunan enerji mənbələrinin gücünün əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.
O bildirib ki, hazırda 45 min MVt olan bərpaolunan enerji üzrə quraşdırılmış güc dörd dəfə artırılaraq 175 min MVt-a çatdırılacaq. Ölkənin müxtəlif bölgələrində günəş elektrik stansiyaları və külək turbinləri quraşdırılacaq.
Nazir nüvə enerjisinin Türkiyənin 70 illik arzusu olduğunu xatırladaraq, Akkuyu Atom Elektrik Stansiyasında (AES) dörd reaktorun tikintisinin davam etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Türkiyə Akkuyu ilə yanaşı, Sinop və Trakya bölgələrində də nüvə elektrik stansiyaları inşa etməyi planlaşdırır. Bundan əlavə, ölkə kiçik modul reaktorları (SMR) texnologiyasını inkişaf etdirməyi və bu sahədə istehsalçıya çevrilməyi hədəfləyir.
A.Bayraktar nüvə enerjisinin gələcəkdə Türkiyənin enerji balansının əvəzolunmaz mənbələrindən birinə çevriləcəyini qeyd edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

