Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.
Boyukmillet.com xəbər verir ki, tapşırığa görə, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb.
Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb.
Həmin tədbirlər bunlardır:
• Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi.
• Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi.
• Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması.
• Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması.
• Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması.
• Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.