ABŞ-ın Çikaqo şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
“Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutub.
Tədbirdə “Xocalı faciəsi – qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.
Anım mərasimində ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki Baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə təmsilcisi Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Lalə İsmayılova, ABŞ Konqresinin təmsilçiləri, Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələri iştirak ediblər.
Çıxış edən Fərid Məmmədov Xocalı faciəsi haqda məlumat verib. O, bildirib ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə söz açaraq, kampaniyanın fəaliyyət istiqamətləri və məqsədi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Çikaqo şəhərində yaşayan Azərbaycan icmasının nümayəndəsi Nigar Çaybasarskinin, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin idarə heyətinin sədri Mehriban Məmmədovanın, “Northeastern Illinois” Universitetinin soyqırım və müharibə fəlakətləti üzrə araşdırmaçı professor Jeanine Ntihiragezanın çıxışları dinlənilib.
Tədbirdə Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib, Azərbaycan icmasının nümayəndəsi Cavad İsmayilbəyli ney musiqi alətində Xocalı şəhidlərinə həsr olunmuş musiqilər səsləndirib.
ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.
Vüsalə Abbasova