Boyukmillet.com xəbər verir ki Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər – Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus un və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.
Reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.
Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.
Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.