Elməddin BehbudTürk milləti ötən əsrin əvvəlində azadlığını yenidən qazanmaq üçün təkcə Çanaqqala savaşında 50 minə yaxın şəhid vermişdi. O şəhidlər olmasaydı Anadoluda min illik türk mirasından bu günümüzə gəlib çatan ən yaxşı halda muzeyə çevrilən məscidlər olacaqdı.
1923-cü il 29 oktyabrda Cümhuriyyətin yaradıldığı elan olunandan az sonra Türkiyə doğu Anadoluda çıxan üsyanları (Şeyx Səid, Seyid Rza və s.) da şəhidlərinin qanı bahasına yatıraraq həmin ərazilərdə suverenliyini təmin etmişdi.
Türkiyə 27 noyabr 1978-ci ildə yaradılan, 15 avqust 1984-cü ildən etibarən aktiv şəkildə terror aktlarına başlayan PKK-ya qarşı mübarizədə indiyədək minlərlə şəhid verməsəydi bu gün ərazi bütövlüyü pozulmuş, torpaqlarında “Sevr”in sahiblərinin marionet “dövlət” qurduğu kiçik ölkəyə çevrilmişdi.
Türkiyə “Zeytin Dalı”, “Barış Pınarı” əməliyyatlarını keçirməsəydi, türk əsgəri vücudunu terrorçular və onların dəstəkçisi olan imperalistlərin qarşısında sipər etməsəydi bu gün döyüş Anadolunun içində, ən yaxşı halda Hatayda, Kilisdə, Hakkaridə, Şanlıurfada, Qaziantepdə gedirdi.
Unutmayaq, türk əsgəri şəhid olmasaydı, İstanbul türk şəhəri olmazdı. Türk əsgəri şəhid olmasaydı bu gün rahat yaşadığımız, müstəqil Azərbaycanın paytaxtı olan Bakı da Ufa, Dərbənd, Həştərxan, Kazan kimi bir rus şəhəriydi, biz isə bu şəhərin etnik azlığının nümayəndəsi. Bu cəhətdən “Türkiyənin Suriyada nə işi var?”, “Türk əsgəri niyə İdlibdə şəhid olmalıdır?” suallarını verməmişdən (məqsədli şəkildə təxribat və informasiya manipulyasiyasıyla məşğul olanları bu sıraya aid etmirəm) öncə tarixə diqqətlə nəzər salmaq lazımdır.
Bu gün min kilometrlə uzaq məsafədən gəlib çoxdan instrumentə, şitə çevirdikləri “demokratiya”, “azadlıq”, “təhlükəsizlik” anlayışlarının arxasında gizlənərək ordularını Türkiyənin sərhədlərinə dayayan dövlətlərin qarşısında geri çəkilmək 568 illin yaddaşıyla İstanbulu “Kanstantinapol” bilənlərin qarşısında əli-qolu bağlı təslim olmaq deməkdir.
Türkiyənin geosiyasi manevrlərini tamamilə başadüşüləndir. İstər terror təşkilatı PYD-yə “İŞİD-ə qarşı mübarizə” adı altında bir ordunun silahını verən ABŞ-la, istərsə də fasilələrlə 350 il müharibə apardığı, Suriya vasitəsi ilə rəsmi Ankarayla quru sərhəddi əldə etməyə nail olan Rusiyayla münasibətlər yalnız Türkiyənin milli maraqlarının təmin olunması məqsədilə dizayn edilir. Situasiyaya, qarşı tərəfin davranışlarına uyğun olaraq bu münasibətlərin dəyişməsi dövlətlərarası əlaqələrdə normal haldır.
Türkiyə bizim üçün dünyadakı 209 dövlətdən biri deyil.Türkiyə o dövlətlərdən birincisidir!
(Azərbaycan təbii ki öz dövlətimizdir). “Hər bir türkün iki ana vətəni var: biri öz dövləti, digəri isə Türkiyə” deyimini hələ ki, təkzib edən elə bir mübarək dövlət mövcud deyil. Bu reallıqdır. Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra dediyi “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir” cümləsinin hansı məna və informasiya yükünü daşıdığını şərh etməyə güman edirəm ki, xüsusi ehtiyac yoxdur. Bu baxımdan düşmənin hansı ölkə, kim olmasından asılı olmayaraq indiyə qədər olduğu kimi bundan sonra da qan qardaşlarımızın, türk millətinin, Türkiyə dövlətinin yanında olmalıyıq.
Qlobal güc olmaq yolunda əzmlə addımlayan qardaş Türkiyə doğru yoldadır. Türk əsgəri güclüdür, müzəffərdir, dualarımız hər zaman onunladır. Dünən İdlibdə xain hücuma məruz qalan türk əsgərlərinin şəhid olması bizi nə qədər üzsə də, içimizdəki əminlik öz sabitqədəmliyini qoruyub saxlayır: Türkiyə dövlətinin bu sınaqdan da dostlarını qürurlandıracaq, düşmənlərini məyus edəcək şəkildə çıxacaq!
Türkiyə resurslarını doğru ölçüb biçərək və onlardan doğru şəkildə istifadə edərək sərhədlərində “kukla” ölkə yaradaraq dövlət təməllərini sarsıtmağa çalışan bütün qlobal güclərə və onların instrumentlərinə qarşı mübarizəni qərarlı şəkildə davam etdirməlidir.
Allah şəhid olan bütün türk əsgərlərinə rəhmət eləsin!