Azərbaycanda koronavirus aşkarlandıqdan sonra apteklərdə tibbi maskalar qeybə çəkildi. Çox az sayda apteklərdə isə 5-10 qəpiklik maskaları “əl-altdan” 30 qəpikdən 1 manatadək qiymətə satmağa başladılar.
Məsələ ilə bağlı müvafiq nazirlik və qurumlar ya açıqlama vermədilər, ya da bu məsələnin onlara aidiyyatı olmadığını, maska məsələsi ilə özəl firmaların məşğul olduğunu bəyan etdilər.
Və həmişəki kimi problemə ən yüksək səviyyədə münasibət bildirildi.
Belə ki, Prezident İlham Əliyev Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışında çıxış edərkən ölkədə maska ehtiyatının çox olduğunu bildirərək, möhtəkirlərə ciddi xəbərdarlıq etdi.
“Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”, – deyə dövlət başçısı bildirdi.
Bəs görəsən hazırda apteklərdə vəziyyət necədir? İnsanların maska təlabatı yetəri qədər ödənilirmi?
Boyukmillet.com modern.az-ın apteklərlə sorğusunu təqdim edir:
Vitamin Aptek – “Hazırda aptekdə kifayət qədər maska var. Təlabat da o qədər də yüksək deyil. Qiymətinə gəlincə isə 20 qəpiyə müştərilərə satılır. Maskayla bağlı indiyə qədər heç bir problem yaşamamışıq. Bizim aptekdə müştəriyə istədiyi qədər maska satılır. Yəni konkret olaraq məhdudiyyət yoxdur”.
Həyat Aptek – “Təlabat çoxdur, amma təssüf ki, maska yoxdur. Artıq neçə müddətdir ki, bizdə maska satışı həyata keçirilmir. Depoya sifarişlərimizi vermişik, hələ ki sifarişlərimiz çatdırılmayıb. Əgər olsa əvvəlki qiymətə, yəni 20 qəpiyə də satılacaq”.
Buta Aptek – “Hətta bizdə qıtlıq olan məqamda da maskalar satılırdı. Hazırda da xeyli sayda maskalarımız var. Qiyməti 20 qəpikdir”.
Zəfəran Aptek – “Koronavirusdan sonra da bizdə kifayət qədər maskalar var. İndiyə qədər də heç bir problemimiz də olmayıb. Hazırda yetəri qədər maska ehtiyatımız var. Hətta spirt də var 55 qəpiyə satılır. Maskanın qiyməti isə 20 qəpikdir. Əhaliyə çatsın deyə hər müştəriyə 5 dənədən artıq maska satılmır”.
Depo Aptek – “Bizim aptekdə kifayət qədər maska var. Qiyməti isə necə göstəriş verilibsə, elə o qiymətə də satırıq. Yəni deyiləndən artıq satmırıq”.
Planet Aptek – “Təlabat çoxdur, ancaq depolar bizi tam təmin etmir.Yəni limitlə verirlər, üç gündən bir 50 dənə verirlər. O da bizim təlabatımızı ödəmir. Qiyməti isə 20 qəpikdir. Bu gün bizdə maska qurtarıb depoya müraciət etdik, dedilər ki, verə bilmərik “.
Hippokrat Aptek – “Satışı 20 qəpikdir. Hazırda aptekdə maskalarımız bitib. Depo da limitlə verir, hardasa 100 dənə olar. Təlabat da çoxdur deyə bizə yetmir, tez də qurtarır, gələn müştəriyə də yox demək məcburiyyətində qalırıq”.
İbn Sina Aptek – “Həqiqətən koronavirusdan sonra təlabat çoxaldı.Artıq iki gündür ki, bizim aptekdə maska satılmır. Depoya sifarişlərimizi vermişik, hələ də gəlib çıxmayıb. Gələndə də hər müştəriyə 2 dənə sata bilirik. Qiyməti isə 20 qəpikdir”.