Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Qarabağda böyük savaş: onu labüd edən tək səbəb

25 fevrala aparan yol, 25 fevral dərsləriz; Rusiya regiondan “barmağını” çəkməyincə satellit Ermənistan da bölgədə layiqli yerini tapmayacaq; rusiyalı ekspertlərin müharibə xəbərdarlıqları və proqnozlarında gizlədilən acı gerçək… 

Xocalı soyqırımının ildönümü ərəfəsində cəbhədə baş verən son insident, bütövlükdə düşmən tərəfinin axır vaxtlar artan təxribatları Qarabağ münaqişəsinin həllində hərbi amili yenidən diqqət mərkəzinə gətirib. Bu hadisə Azərbaycanın öz hərbi qüdrətini ilbəil artırmasının nə dərəcədə doğru və vacib olduğunu bir daha və qabarıq şəkildə ortaya qoyur.

Nə olur-olsun, biz heç nəyə baxmadan bu yöndə döyüş qabiliyyəti və potensialımızı artırmalı, işğalçı ölkənin hərbi paritetə nail olmaq arzusunu gözündə qoymalıyıq. Hər nə qədər Rusiya Ermənistana paritet naminə (əslində isə öz maraqları naminə) silahlar versə də, Azərbaycanın iqtisadi-maliyyə potensialı imkan yaradır ki, təcavüzkar tərəf bizimlə ayaqlaşa bilməsin, silahlanma yarışında tab gətirməyəcək iqtisadiyyatı daha dərin böhrana girsin.

Təmas xəttindəki 25 fevral insidentini birinci dərsi budur. İkinci ibrətamiz məqam odur ki, Azərbaycan dost-müttəfiq, strateji tərəfdaş ölkələrlə, ilk növbədə də qardaş Türkiyə, Pakistan, İsraillə hərbi və hərbi-texniki əlaqələri vaxt itirmədən ən yüksək səviyyəyə qaldırmağa nail olmalıdır. Elə bir səviyyəyə ki, Ermənistan və onun əsas havadarı Rusiya tam əminlik hasil eləsin ki, hərbi qarşıdurmada işğalçının heç bir uğur şansı olmayacaq.

Danışıq masası arxasında düşməni konstruktivliyə vadar etməyin iki yolundan biri budur. İkinci yol – əlbəttə ki, preventiv hərbi zərbələr, lokal əməliyyatlardır. Nə qədər ki, işğalçı tərəf sülhə meylli görünmür, Azərbaycan bir əlində “sülh göyərçini”, digərində silah tutub öz sözünü deməli, güclə təhdid variantından imtina etməməlidir.

Yəni biz sülh tərəfdarı olduğumuzu dünyaya nümayiş etdirməklə yanaşı, yeri gələndə davakar ritorika sərgiləməli, ədalətli sülhün tək alternativinin Ermənistan üçün dağıdıcı müharibə olduğunu daim qarşı tərəfə və beynəlxalq birliyə anlatmalıyıq.

Rusiyalı tanınmış ekspertlərin son insidentlə bağlı rəyləri də bu xüsusda maraqlıdır. Haqqin.az saytının yaydığı bu rəylər münaqişənin həllində hərbi amilin önə keçdiyi qənaətini yaradır. Məsələn, tanınmış politoloq, daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuka görə, Qarabağda müharibə hələ də regionu hədələyir. Bu barədə o, təmas xəttində vəziyyətin kəskinləşməsini və ATƏT-in Ermənistana və Azərbaycana ağır texnikanı əvvəlki yerlərinə qaytarmaq çağırışını şərh edərkən deyib.

Onun fikrincə, gələcəkdə təəssüf ki, vəziyyətin yalnız kəskinləşməsini və tədrici müharibəyə keçməsini gözləmək lazım gələcək: “Başqa variant yoxdur, çünki bu vəziyyətin nizama salınması üçün münaqişənin üç tərəfinə düz üç şans buraxılmışdı. Birincisi Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında 10 dəfədən çox yüksək səviyyədə keçirilən görüşlər idi. İkincisi artıq vaxt baxımından qısa – 4 günlük aprel müharibəsindən sonrakı dövr idi. Və üçüncüsü, daha qısa – Vaşinqtonda prezident ”yerdəyişməsi” zamanı idi. Bilmirəm, belə hadisələrdə tale tərəflərə dördüncü, əlavə şansı buraxırmı – o mənada ki, prinsip etibarilə artıq onların uzun və ya dəyirmi masalar arxasında bir-birilərinə demək üçün sözləri qalmır”.

Politoloqun sözlərinə görə, cari fevral kəskinləşməsi ona görə baş verib ki, 2016-cı ilin aprelindən sonra yüksək səviyyəli heç bir görüşün qərarları yerinə yetirilməyib. “Təbii, kəskinləşməyə Qarabağda, faktiki olaraq, aprel barışığının gedişatında keçirilən ”referendum” da təsir etdi – hansı ki, dünyaya Azərbaycan köklərindən tam qopmaq, hətta toponimika mənasında qopmaq cəhdini bir daha və açıq şəkildə nümayiş etdirdi. Xeyrə və sülhə çağırışlar, bunlar – çox gözəldir, amma bu, daha işləmir və hətta əksinə, birbaşa müharibəyə işləyir. Və əgər heç kim, heç olmasa bu bənd üzrə məsuliyyəti öz üzərinə götürmək istəmirsə, onda ləngidici son baryerlər də aradan qalxır”, – deyə ekspert qeyd edib.

“Moskva həm erməniləri, həm də azərbaycanlıları təcavüzkar adlandırmağa ehtiyatlanır. Təhlükə ondadır ki, Dağlıq Qarabağ müharibəsinin hansısa mərhələsində qarşıdurmanın Donbasdakı cari formaları qəbul edilə bilər. Hər halda, Ermənistan indi, Azərbaycan kimi, heç bir güzəştə getməyəcək – nəyə ki, bəlkə də 5 il əvvəl hazır idi” – sonda politoloq əlavə edib.

Digər rusiyalı politoloq və hərbi analitik Aleksandr Xramçixin is “Niyə məhz cəbhədə vəziyyət məhz indi kəskinləşib” sualına belə cavab verib: “Niyə məhz indi yox? Tərəflərin Qarabağla bağlı mövqeləri ziddiyyətli və barışmaz olaraq qalır. Müharibə istənilən an – sabah, 10 il sonra başlaya bilər. Dağlıq Qarabağ konfliktinin dinc yolla həlli praktik olaraq, mümkün deyil. Ya bəlkə münaqişə tərəflərinin birində hansısa ağlagəlməz olaylar baş verməlidir ki, nəsə olsun”.

Yada salaq ki, A.Xramçixin ötən il özünün yazdığı təhlili məqaləsində erməni ordusunun birləşmələri və onların dislokasiyasından bəhs eləmişdi. Başqa bir materialda isə o, Azərbaycan ordusu qarşısında duran vəzifələri, əsas da yeni müharibədə Qarabağın azad olunması vəzifəsini analiz etmişdi.

Rusiyalı siyasi və hərbi təhlilçilərin yuxarıdakı rəy-proqnozları ilə razılaşmaq da olar, razılaşmamaq da. Ancaq ciddiyə almamaq mümkünsüz. Ən azı o səbəbə ki, onlar Kremlin Qarabağ ixtilafından dolayı regionda izlədiyi köklü maraqları çox yaxşı bilirlər. Bu xüsusda konkret olaraq, Xramçixinin “müharibə qaçılmazdır” , “Ermənistan heç vaxt güzəştə getməyəcək” fikrini müəyyən mənada qəbul etməmək də olar. Niyə?

Ona görə ki, əlahəzrət reallıq başqa şey də deyir. Bu da odur ki, Rusiya Ermənistanın arxasında durmasa, onu hərtərəfli himayə eləməsə, kəsəsi, regiondan “barmağını” çəksə, İrəvan Azərbaycan qarşısında bir həftə belə duruş gətirməz və dərhal sülhə gələr, nəhayət ki, bölgədə layiq olduğu yeri və statusu tapar, öz təbii qlafına qayıdar. Deməli, müharibə də, böyük toqquşma da qaçılmaz olmaz. Rusiyalı ekspertlərin müharibə xəbərdarlıqları və proqnozlarında gizlənən və ya gizlədilən tək acı gerçək də elə budur.

 

http://musavat.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir