Cümə , 22 Noyabr 2024
Drone Cameras

Məhkəmədə Hüseynqulu Bağırova şok ittihamlar – 80 işçinin kartını almışdı…

Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ekologiya və Təbii Sərvətlər Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və digər əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə,Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.


Boyukmillet.com 
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əkbər Həsənovdan mənimsənildiyi deyilən 451 min manatın hara xərclənməsi barədə soruşulub. Sabiq Departament rəhbəri deyib ki, cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, alpinistlərin axtarışı üçün ayrılan vəsait də qeyd edilən məbləğdən xərclənib.
Suallara cavab verən Əkbər Həsənov deyib ki, Departamentdə 80 nəfərin adına kart açılmasından, aylıq maaş ayrılmasından xəbəri olmayıb: “Mənim bildiyim 25-30 kart idi. Onlar üçün də aylıq 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur”.

Əkbər Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb.

İlqar Hacıyev isə bunu təkzib edib.
Deyib ki, Departamentdə 1254 nəfərlik işçi siyahısı olub və hər ay siyahı Əkbər Həsənova təqdim edilib: “Bütün siyahıya və ayrılan əmək haqqına baxdıqdan sonra imzalayırdı. Əkbər müəllim nə savadsızdır, nə xəbərsiz. Hər şeyi də yaxşı bilirdi. Hətta siyahıda olan adamı tanımayanda zəng edib dəqiqləşdirirdi ki, görsün mən onu aldatmıram ki? Sadəcə indi həqiqətləri danışmır”.

İ.Hacıyev bildirib ki, çalışdıqları Departamentdə ilk dəfə audit yoxlaması aparılan zaman 25 min manatlıq çatışmazlıq üzə çıxıb: “Bu, büdcəsi 2-3 milyon olan bir qurum üçün çox kiçik məbləğ idi. Əkbər Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu”.

Bundan sonra İlqar Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması prosesinin necə aparılmasını izah edib.

Hacıyev bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Əkbər Həsənova verilib.

İlqar Hacıyev söyləyib ki, sabiq nazir Hüseynqulu Bağırovun onlardan aldığı puldan sonra işlər bu vəziyyətə çatıb:

“2018-ci ildə nazir Əkbər Həsənovun yanına çağırdı. Ondan 265 min pul istədi. Həmin məbləğin 215 mini Salyanda iki zavodun tikintisi üçün alınırdı. Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Əkbər Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi. Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını atırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumimi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.

Əkbər savadlı, maliyyəni bilən adamdır. Özü də yaxşı bilirdi ki, pul nə qədərdir və kimlərin adına ayrılır. Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir seçilsə, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı. Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu”.

Təqsirləndirilən şəxs bildirib ki, yeni nazir gələndə işlər qarışıb: “Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük. Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı. Əkbərlə Hüseynqulu Bağırovun qəbuluna getdik. Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Sonra Hüseynqulu Bağırovun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük. Mətbuata müraciət edəcəyimizi bildirdik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı. Həmin məbləği də Hüseynqulu Bağırov verdi. Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödədi. Hüseynqulu Bağırov qalan hissəsini də ödəməli idi. Amma son günə qədər gözləsək də Hüseynqulu Bağırov pulu ödəmədi.

Biz dəfələrlə rayonlardan nazir Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs ediləcək”.

İlqar Hacıyev deyib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var. O, həmin məlumatları da ictimailəşdirəcəyini qeyd edib

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər şəxs də var. Onlar nazirliyin əməkdaşlarıdır.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

Qeyd edək ki, Əkbər Həsənov sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun 17 illik fəaliyyətində ən güvəndiyi şəxslərdən biri idi.

Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər naziri təyin edildikdən sonra Əkbər Həsənovun əməllərinin üstü açıldı.

Xatırladaq ki, uzun illər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün “şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı “ölü can”ların saxlanmasında çəkilirdi.

Əkbər Həsənovun Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcuddur. Əkbər Həsənovun 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor və direktor müavini işləyib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …