Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycan “Formula-1”-dən imtina edə bilər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 23-dən 25-dək Bakıda ikinci dəfə keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi öncəsi daha bir mətbuat konfransı təşkil edib.

Musavat.com xəbər verir ki, konfransda bir çox məsələlərə toxunulub və jurnalistlərin sualları cavablandırılıb. Təbirdə “Formula-1” pilotu Devid Kulthard da iştirak edib. O, konfrans öncəsi yarış treki ilə də tanış olub.

Devid Kulthard çıxışı zamanı “2017 “Formula 1” Azərbaycan Qran Prisi öncəsi Bakıya dəvət olunmasından çox məmnun olduğunu və bundan şərəf duyduğunu bildirib. D.Kulthard növbəti yarış üçün hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib: “Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə keçirilən “Formula 1” yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakının sahib olduğu tarixi və müasir gözəllikləri, həmçinin özündə daşıdığı Şərq və Qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Tam əminəm ki, bu ilin yayında Bakıda baş tutacaq növbəti “Formula-1” yarışı ötən ilki yarışdan daha maraqlı olacaq. Xüsusilə, trekin dar hissələri 2017-ci ilin eyni təkərli bolidləri üçün daha da çətinlik yaradacaq. Nəticədə biz bu il daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.

Devid Kulthard qeyd edib ki, Azərbaycan üçün motoidman yenidir: “Lakin mən əminəm ki, bu idman növündən gözəl miras yaradılacaq. Azərbaycanda bunun üçün bütün imkanlar var”.

D.Kulthard yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərə də qatılacaq. O, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə görüş keçirəcək.

“Formula 1″lə bağlı müqavilənin artırılıb-artırılmamasını nəzərdən keçirəcəyik”

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Formula 1”-in yeni sahibi, “Liberty Media”nın direktoru Qreq Maffeyin Azərbaycanla bağlı fikirlərinə münasibət bildirib.

O, bildirib ki, bu sözləri eşitmək olduqca qəribədir: “Liberty Media” bu yarışlara yeni nəzarət etməyə başlayıb, yalnız bir yarışda iştirak edib. Bizə onun niyə bu mövqedən çıxış etməsi olduqca maraqlıdır. Lakin pilotların da dediyi kimi, Bakı treki maraqlı və cəlbedicidir. Belə bir bəyanatın səsləndirilməsi qəribədir. Ümid edirəm ki, bu, yalnız bir şəxsin fikridir və “Formula 1”-in idarə heyətinin mövqeyini əks etdirmir. Əks halda biz “Formula 1″-lə bağlı müqavilənin artırılıb-artırılmamasını nəzərdən keçirəcəyik. Biz bütün maraqlı tərəflərlə işləməyə və ötən ildən də yaxşı yarış keçirməyə hazırıq”.

BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə bildirib ki, Qreq Maffei “Formula 1”-in sahibi olsa da, çempionatın rəhbərliyinə daxil olmayan bir şəxsdir, yəni çempionatların əməliyyatlarını aparmayan biridir: “Bu səbəbdən “Formula 1”-in adından belə bir bəyanat verməsinin nə qədər düzgün olması sual doğurur. Digər tərəfdən Azərbaycan keçən il uğurlu bir yarış keçirib, bunu F1-in keçmiş rəhbəri Berni Eklstoun, pilotlar, media və tamaşaçılar də təsdiq etmişdilər”.

Qeyd edək ki, “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbəri Qreq Maffei Azərbaycan Qran Prisi barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”. O, Azərbaycanı yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

Q.Maffei deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: “Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər”.

Xatırladaq ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyini götürüblər.

Musavat.com,

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir