“Ermənistan tərəfindən belə təşəbbüslərin sayının artması ona görə vacibdir ki, onlar işğalçı dövlətdir”
Vüqar Qədirov: “Bu günə qədər platformaya qoşulan ermənilərin bunu bəyan etməsi olduqca vacibdir”
Bu ilin noyabr ayında Azərbaycandan və Ermənistandan olan hüquq müdafiəçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüs olaraq “Ermənistanla Azərbaycan arasında sülh üçün platforma” yaradıblar. Artıq bu platformaya bir neçə erməni fəal qoşulub.
Onlar Ermənistan hakimiyyətinin işğalçı olduğunu etiraf edir. Bakı Platformasına qoşulan ermənilərin sayı hər gün artır. Məhz Ermənistanda yaşayan və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını etiraf edən ictimaiyyət nümayəndələrinin sayının artması gələcək üçün nə vəd edə bilər?
Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, sülh platforması Qarabağ münaqişəsinin həlli üçün yaxşı təşəbbüsdür: “Ermənistan tərəfindən platformaya qoşulanların sayı nə qədər çox olarsa, bu, sülh danışıqlarına öz töhfəsini verəcək.
Dağlıq Qarabağda erməni və azərbaycanlılar birgə yaşaya bilməyəcəklər kimi problemlər aradan qaldırılandan sonra, bütün dünya ictimaiyyəti, Minsk Qrupuna daxil olan həmsədr dövlətlər beynəlxalq çərçivədə məsələnin həllini sürətləndirəcək. Ermənistan tərəfindən belə təşəbbüslərin sayının artması ona görə vacibdir ki, onlar işğalçı dövlətdir. Bu günə qədər platformaya qoşulanların bunu bəyan etməsi olduqca vacibdir.
Bu proses davam etməlidir. Çalışmalıyıq ki, sülh platformasına daha çox erməni cəlb edilsin. Həmçinin onların cəlb olunmasına ehtiyatlı yanaşmaq lazımdır. Platformaya bu adla xüsusi xidmət orqanının əməkdaşları gələ bilər.
Bununla, Azərbaycan tərəfi ermənilərə mesaj verir ki, siz silahı Sarkisyan rejiminə çevirdiyiniz, Azərbaycan Konstitusiyasını və qanunlarını tanıdığınız halda, bu ölkənin vətəndaşları kimi əminaman şəkildə yaşa bilərsiniz. Bu baxımdan hesab edirəm ki, aparılan proses düzgündür və hədəflər doğru seçilib”.