İsmayıl Ağayev: “Ermənistanın narahatlığı heç bir fayda verən deyil”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev “Heydər Əliyev” ordeni ilə təltif edilsin.
Nazarbayevin Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində belə ali dövlət mükafatına layiq görülməsi ən çox erməniləri narahat etməyə başlayıb. Ermənistan KİV-i bu yöndə qeyd edir ki, Nazarbayev də belə mükafata layiq görülən Belarus prezidenti Lukaşenkonun yolunu davam etdirə bilər. Həmin iddialarda bildirilir ki, Lukaşenko “Heydər Əliyev” ordenini alandan sonra, ard-arda, Azərbaycanın xeyrinə olan addımlar atmağa başlayıb. Xüsusilə də bloger Lapşinin Azərbaycana təhvil verilməsi Lukaşenkonun Azərbaycana göstərdiyi ən böyük xidmət kimi səciyyələndirilir.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın bu narahatlığı əbəs yerə deyil: “Ümumiyyətlə, onların mediasını yaxından izləsəniz görərsiniz ki, Azərbaycanın atdığı bütün ciddi addımlar onları narahat edir. Dərhal həmin istiqamətdə tezislərini işə salırlar. Lukaşenko və Nazarbayev kifayət qədər təcrübəli siyasətçi və dövlət xadimləridir. Mən deməzdim ki, Lukaşenko məhz deyilən mükafatı alandan sonra Azərbaycanla dostlaşmağa başlayıb. Yaxşı olar ki, ermənilər onun təltifdən əvvəlki fəaliyyətinə də bir qədər diqqət etsinlər. Lukaşenko daim Azərbaycanın dostu olub. Bizim üzləşdiyimiz problemlə bağlı hər zaman cəsarətli və ədalətli mövqe ortaya qoyub. Eyni sözləri Nazarbayev haqda da deyə bilərik. Bu ölkələr Ermənistanla bəzi qurumlarda birgə təmsil olunsa da, hər iki ölkə başçısı Azərbaycanla bağlı əsl dost mövqeyi ortaya qoyur. Təbii ki, Ermənistanı bu ciddi narahat edir. Lukaşenko Lapşin məsələsilə bağlı erməni səfirə konkret açıqlama verdi və dedi ki, Ermənistanın bu məsələdəki narahatlığını anlamır. Çünki Lapşinin Ermənistana heç bir aidiyyəti yoxdur. Bəli, Azərbaycan dostları mükafatlandırmaqla, onlara böyük diqqət göstərmiş olur. Belə hallar tərəflər arasında münasibətləri daha da dərinləşdirir. Ermənistanın narahatlığı isə heç bir fayda verən deyil. Çünki həmin dövlət başçıları ilə Azərbaycanı bir-birinə sıx tellər bağlayır”.
Məhəmmədəli QƏRİBLİ