Nazirlər Kabineti “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında qərarın izahını verib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən qərar Azərbaycanda faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsini nəzərdə tutur.
İndiyə qədərki ödənişlərin miqdarı əvvəlki iqtisadi şəraitə uyğunlaşdırılıb və həmin qiymətlər hazırki iqtisadi kontekstdə, ölkədəki mövcud iqtisadi artıma nisbətdə çox aşağıdır.
“Bu səbəbdən də mövcud ödəmə normativləri qanunsuzluqların qarşısını almağa, bu sahədə fəaliyyət göstərən subyektlərin məsuliyyətini artırmağa imkan vermir. Odur ki, bu qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlərin miqdarını yeni iqtisadi şəraitə uyğunlaşdıracaq. Nəticədə yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq.
Qərar təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi, mineral xammal bazasının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Qərarın tətbiqi bu sahədəki qeyri-müəyyənliklərin hüquqi cəhətdən dəqiq həll edilməsinə də imkan yaradacaq” – deyə, məlumatda qeyd olunub.