“Biz aprel ayının 28-də Milli Məclisin xüsusi iclasını keçirib Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirilməsi faktına münasibət bildirməliyik”.
Deputat, Xalq şairi Sabir Rüstəmxanlı bu təkliflə Milli Məclisin plenar iclasında çıxış etdi. Bildirdi ki, ermənilər olmayan hadisələrlə bağlı muzey düzəldiblər, ancaq Azərbaycan başına gətirilən müsibətlərə dair addımlar atmayıb. S.Rüstəmxanlı dedi ki, Xocalı soyqırımına aid abidədən başqa, üzləşdiyimiz soyqırımlara həsr olunmuş abidə yoxdur. Bu mənada deputat keçiriləcək müzakirələrdə digər məsələlərlə bağlı qərarlar qəbul etməyi vacib saydı.
S.Rüstəmxanlı qaçqın və məcburi köçkünlərin sayı ilə bağlı statistikanı da düzgün saymadı: “30 il keçib, bu 1 milyon dəyişməyib, artıq bu insanların sayı 1,5 milyondur”.
Deputat digər bir məqama da diqqət çəkdi. Bildirdi ki, rayonlar ləğv olunmayıb, əraziləri dəyişdirilməyib, amma rayonların idarələri birləşdirilir, regional idarələr yaradılır: “Bu, nə cür idarəçilikdir? Xüsusilə indiki, xəstəlik ərəfəsində insanların bir rayondan digərinə getmək çox çətindir. Neftçaladan 100 km keçib, Salyandan fırlanıb Biləsuvardan, təhsil şöbəsindən bir kağız almağa gedirlər. Yaxud mədəniyyət idarələri birləşdirilib. Bu qurum Yardımlıdan verilib Masallıya. Heç vaxt dağ görməyən adam deyir oraya bu qədər meşə bələdçisi lazım deyil, 30 adamı edir 10 adam”.
E.Paşasoy,
Musavat.com