Koronavirus pandemiyasının başlanğıcından etibarən Azərbaycan Respublikasının və şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasəti dəyişməz olaraq qalır: “Dünyanın hansı yerində olmağından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına yardım göstərmək”.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Əməliyyat Qərargahından verilən məlumata görə, dünyada karantin tədbirləri başlayandan bəri, Azərbaycan 20 minə yaxın vətəndaşını (əksəriyyəti Rusiya və Türkiyədən) geri qaytarıb.
Bu gün, 14 may tarixində 194 Azərbaycan vətəndaşı Kiyev-Bakı çarter reysi ilə Ukraynadan vətənə gətirilir. Onların arasında, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu tərəfindən xüsusi mikroavtobusla Xarkovdan Kiyev hava limanına gətirilən 20 nəfər vətəndaşımız var. Vətəndaşımız Ülvi Nizami oğlu Quliyev Xarkov şəhərindəki fəxri konsulluğumuza dəstək üçün ürəkdən təşəkkür edib. O, bildirib ki, karantin altında olduqları müddət ərzində fəxri konsul Əfqan Salmanov onlara hər cür dəstək göstərib. Bu gün də Xarkovdan Kiyev Borispol hava limanına gəlməkləri üçün nəqliyyat vasitəsilə təmin etdiyinə görə bir daha fəxri konsula hər kəs adından minnətdarlığını çatdırıb. Qeyd edək ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu şəhərdə təhsil alan, işləyən Azərbaycan vətəndaşlarına mövcud karantin dövründə kirayə ev və qida təminatı ilə bağlı yardım göstərməkdədir.