Boyukmillet.com xəbər verir ki, 2 il öncə baş vermiş cinayət, sözün əsl mənasında xarici filmləri xatırladır. Redaksiyamıza müraciət edən Mingəçevir şəhər sakini Həsənova Xəyalə Ramiz qızı çıxılmaz vəziyyətdə olduğunu, bəzən intihara cəhd etmək istədiyini bildirib. Xəyalə Həsəvova uşaqlarını oğurlayan keçmiş əri Elnur Həsənovla 2010-cu ildə ailə həyatı qurublar. Birgə nigahdan onların 2012-ci ildə Nərmin, 2014-cü ildə isə Nuray adlı qızları olur.
Sonra bəlli olur ki, Elnur Həsənovun qız uşaqlarına qarşı xüsusi nifrəti var və israrla oğlan övladı istəyirmiş: “2 övladımdan sonra bir dəfə də hamilə qaldım. Onun da qız övladı olacağını bilən ərim döyərək, uşağın tələf olmasına səbəb olur. Daha sonra 2015-ci ildə hamilə oldum, bu uşağın da qız olacağını biləndən sonra Elnur, valideynləri ilə birlikdə məni abort etməyəməcbur etdilər. Bundan sonra ailəmizdə ciddi narazılıqlar yarandı. Mənə zülm edir, təhqir edir, döyürdülər. Bundan sonra açıqlayacağım digər faktlarla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 180656005 saylı cinayət işi açılsa da, hansısa maraqlara görə bu işlər dondurulmuş, hüquqlarım tapdalanmışdır. Biz boşanmaq qərarın gəldik. Elnur hər vəchlə Mingəçevir Şəhər Psixo-Nevroloji diaspanserin baş həkimi Zeynalov Rəfael Lətif oğlu ilə birlikdə, rüşvət müqabilində məni zorla ora qeydiyyat etməyə çalışmışlar. Bunları zamanında bilib, qarşısını almağa çalışdıqda isə, Elnur məni döyərək evdən qovur, şəxsiyyət vəsiqəmi, nigah şəhadətnaməmi və əmək haqqı kartımı əlimdən almışdır. Bundan sonra mənim adıma saxta şəxsiyyət vəsiqəsi düzəltmiş, adıma olan maaş kartından dəfələrlə pul mənimsəmişdir. Bütün bu faktlar da Prokurorluq tərəfindən çıxdaş edilmişdir. Sonra mən Mingəçevir Şəhər Polis İdarəsinə müraciət etdim. Onlar da Elnurla əlbir olaraq, məsələyə barmaqarası yanaşırlar və məni digər qurumlarlara yönəltməklə vaxt udurlar. Əslində isə, Mingəçevir Şəhər Məhkəməsi uşaqların atadan alınaraq mənə verilməsi ilə bağlı qətnamə qəbul etmişdir. (red. 2(051)-2218/2016 saylı qətnamə)”
Məsələ burasındadır ki, 2 azyaşlı qızı anasız qoyan cinayətdə daha bir neçə qurumun adı hallanır. Belə ki, onlar da rüşvət müqabilində vəzifə səlahiyyətlərindən isifadə edərək saxta sənədlər hazırlamışlar: “Mülki işin baxışı uzanırdı, Elnur Həsənov isə bu fürsətdən yararlanaraq Mingəçevir Şəhər Polis İdarəsi, Pasport Masa rəisi Tural Albəndiyevin vasitəsi ilə mənim razılığım olmadan, rüşvət müqabilində qızlarımın adına pasportlar hazırlayaraq Elnur Həsənova vermişdir. Daha sonra keçmiş ərim Elnur Həsənov qohumu, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Bərdə regional şöbəsində inspektor işləyən Zaur Məmmədovun vasitəsi ilə, eyni zamanda, idarənin başqa bir əməkdaşı Pərvin Rüstəmovla birlikdə körpə qızlarımın adına, mənim icazəm olmadan xarici pasportlar təşkil etmişlər. Bütün bu faktlar da Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırılmamışdır.”
Xəyalə Həsənovanın tutarlı faktlarına əsaslanaraq qeyd edirik ki, mütəşəkkil cinayət bununla bitmir. Bundan sonra digər qurumlar da Elnur Həsənovun rüşvət təklifləri qarşısında aciz qalaraq cinayətə imza atmış olurlar: “Keçmiş ərim Elnur Həsənov cinsi əlaqədə olduğu Mingəçevir şəhər sakini Əbilova Təhminə Azər qızı ilə birlikdə Sumqayıt Şəhər 6 saylı Notariat kontoruna gələrək 2 körpə uşağın xaricə aparılması üçün icazə vərəqəsi almağa nail olmuşlar. Belə ki, Sumqayıt Şəhər 6 saylı Notariat kontorunun rəisi Səmayə Əlimərdanova rüşvət müqabilində Təhminə Əbilovanı uşaqların anası kimi qəbul etmiş və icazə vərəqi vermişdir. Daha sonra Elnur Həsənov Təhminə Əbilova ilə birlikdə Qazax rayonu, Şıxlı sərhəd postundan rüşvət müqabində xaricə keçməyə nail olmuşlar. Postda Təhminə Əbilovanı uşaqların anası kimi qeydiyyata alan sərhəd işçilərinin kimliyi ilə bağlı məlumat əldə edə bilməmişik”
İki ildir iki körpə qızının yolunu gözləyən Xəyalə Məmmədova axtarışı saxlamamış, keçmiş əri və onunla ortaq cinayət törədən Təhminə Əbilovanın gizləndiyi məkanlarla bağlı məlumatlar əldə etmişdir. İlkin məlumata görə Elnur Həsənov soyadına cuzi dəyişiklər edərərk “Xasanov” kimi qeyd etdirmiş, S.Peterburq şəhərində yerləşmişdir: “Aldığım məlumata görə 2018-ci ildə Elnurun valideynləri də S.Peterburq şəhərinə gedirlər və 2 körpə qızımın xarici vətəndaşlara satılması ilə bağlı razılığa gəlirlər. Sonuncu dəfə onlar S.Peterburq şəhəri, Kolpino Zavodskoy pros.20, mənzil 5-də görüntülənmişlər. Məndə olan məlumata görə Elnur özü bu ünvanda qeydiyyatdadır. Onun cinayət ortağı Əbilova Təhminə isə S.peterburq şəhərində, milliyətcə azərbaycanlı olan Məmmədov Anar Məhərrəmoğlunun evində qalırlar. Daha sonra bizə bəlli oldu ki, Elnur Həsənovun Rusiyada 3 aylıq yaşamaq hüququ 18.12.2018-ci ildə başa çatır. O, mütləq şəkildə ölkəyə qayıtmalı, yenidən sərhədi keçməli idi. Buna qədər isə artıq cinayət işi açılmış, Mingəçevir Polis İdarəsi tərəfindən onun ölkəni tərk edilməsinin mümkün olmadığı, bununla bağlı qərar qəbul edildiyi deyilmişdi. Görünən odur ki, bütün bunlar formal imiş. Cənab Prezident, mən artıq dözə bilmirəm. Qız uşağına nifrət edən bir adam, övladlarımı oğurlayıb, onların taleyindən xəbərim yoxdur. Mehriban xanım Əliyevadan xahiş edirəm, mənə yardım etsin, müvafiq qurumlara göstəriş versinlər. Mingəçevir Polis İdarəsinin, Mingəçevir Şəhər Prokurorluğunun, Mingəçevir Şəhər Polis İdarəsinin Pasport Masasının, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Bərdə regional şöbəsinin, eyni zamanda, Sumqayıt Şəhər 6 saylı Notariat kontorunun rəhbər və əməkdaşlarının qanunsunz, vucdansız, ləyaqətsiz addımlarına hüquqi qiymət verilsin. Cənab Prezident! Sizin tapşırığınızla Anar Ələkbərov özü vətəndaşlarla əlaqə saxlayır, onları dinləyir, kömək edir. Mən heç nə istəmirəm. Mənə övladlarımı qaytarın. Bu gün həm DİN, həm DTX, həm də Prokurorluqda geniş islahatlar gedir. Yeni gələn nazirlərimizə üz tuturam, yalvarıram, mənə yardım edin. Rusiyadakı həmkar qurumlara müraciət edin, əgər mən sadə bir ana olaraq onun yerini, yurdunu tapa bilmişəmsə, Siz daha tez tapacaq və ədalətin bərqərar olmasına nail olacaqsınız. Mən Sizlərə güvənirəm və mərhəmətinizə sığınıram”
Mövzunu davam etdirəcəyik.