Partiyanın sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz soydaşlar!
Sizi Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Ramazan bayramı artıq çoxdan Azərbaycanın tarixi və milli bayramlarından birinə çevrilib. Bu bayram hər bir azərbaycanlı üçün əzizdir, dəyərlidir. Hər bir azərbaycanlı bu ayda və bu bayramda öz keçmiş ailə ənənələrini görür, öz ruhunu yenidən kəşf edir, öz nəfsinə hakim olmaq iradəsini qazanır, öz fitrətindəki iman, insaf, paklıq, mərhəmət, həmrəylik, xeyirxahlıq, dostluq, vətənpərvərlik kimi nəcib keyfiyyətləri inkişaf etdirmək imkanı qazanır.
Ramazan ayı həm də vəhdət ayıdır, birlik-bərabərlik imtahanıdır. Bu ay bütün insanları bir araya gətirir və onlara həmrəy olmağı, bütün yaxşılıqları bölüşməyi, öz nəslindən, öz elindən, öz millətindən olan insanlara sevgi ilə yanaşmağı, bir-birinin qayğısına qalmağı öyrədir, aşılayır. Bir sözlə, bu ay hamımızı birmənalı olaraq müsbət əməllərə dəvət edir və Ramazan bayramı gözəlliklərə vəsilə olur. Ruhumuz işıqlanır, qəlblərimiz fərəh hissi ilə dolur. Bir insan kimi Tanrı və millət qarşısında vəzifələrimizi, missiyamızı daha da aydın şəkildə dərk edirik, işğal altında olan Qarabağımızın düşmən tapdağından azad edilməsinin məsuliyyəti bizi toparlanmağa kökləyir. Eşqlə və təfəkkürlə oruc tutan hər bir azərbaycanlı Vətəni və Dövləti üçün inamlı, iradəli, mübariz əsgərə çevrilir.
Mən Ramazan bayramının gözəlliklərinin bütün insanlarımıza nəsib olmağını diləyirəm və ölkə başçısından tutmuş əsgər və zabitlərimizə qədər, pandemiya şəraitində fədakarlıq göstərən həkim və müəllimlərimizə qədər, hər kəsi bu əziz bayramımız münasibətilə təbrik edirəm. Qoy Allah hər bir azərbaycanlıya sevinc bəxş etsin. Ramazan bayramınız mübarək olsun!
Hörmətlə:
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri”