Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülən Gəncə şəhərinin baş rəssamı, heykəltəraş, Azərbaycanın Əməkdar Rəssamı Şərif Şərifov mükafatlandırılıb.
Yüksək mükafatı Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli təqdim edib. Ş.Şərifov qızıl medala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ictimai xadim Nəriman Nərimanovun Gəncədə ucaldılmış abidələrinə görə layiq görülüb.
Rusiya Rəssamlıq Akademiyası Rəyasət Heyətinin iclası çərçivəsində keçirilən təqdimat mərasimində Ş.Şərifovun Azərbaycanda müasir incəsənətin inkişafına böyük töhfələr verdiyi qeyd olunub.
Heykəltəraş 50 illik fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirərək deyib ki, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı onu yeni əsərlər yaratmağa ruhlandırır. O, həmçinin vurğulayıb ki, ali mükafatı Azərbaycan incəsənətinə verilən yüksək qiymət kimi dəyərləndirir.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev mərasimdə çıxış edərək, Ş.Şərifovu təbrik edib, mədəniyyətimizə və incəsənətimizə göstərilən diqqətə görə Rusiya Rəssamlıq Akademiyasına minnətdarlığının bildirib.