İsmayıl Ağayev: “Dünyanın ən inkişaf etmiş ölkələrində belə polisə qarşı olunan tabesizliyə sərt cavab verilir”
İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət tullantıları atanlar saxlanarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
Göründüyü kimi, DİN rəhbərliyi polisin qanunsuz əməlinə dərhal reaksiya verib. Ancaq biz müşahidə edirik ki, sosial şəbəkələrdə bəzi radikal dairələr Yasamalda polisin apardığı bütün əməliyyata kölgə salmaq istəyir. Təbiidir ki, polisə qarşı olunan zorakılıq və polisin davranışları da ciddi araşdırılmalıdır. Bu məsələ ilə bağlı uzun müddət polis orqanlarında müxtəlif vəzifələrdə çalışmış İsmayıl Ağayevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hadisələrin baş verdiyi dönəmə də fikir verilməlidir:“Unutmayaq ki, hadisələr xüsusi karantin rejimi dönəmində yaşanıb. Bu vəziyyətə nəzarət polisə tapşırılıbsa, polis qanunauyğun davranmalıdır. Hadisənin xronologiyasına fikir verək. Polis karantin qaydalarını pozan bir cavan oğlanı maşına mindirmək istəyir. O müqavimət göstərir, amma biz görürük ki, heç həmin vaxtda belə polislər onunla sərt davranmırlar. Həmin binalarda yaşayan bəziləri polislərə qarşı təxribata əl atdı. Nümayişkaranə şəkildə əhalini polisləri daş-qalaq etməyə çağırdılar. Bəziləri də emosiyaya qapılıb, həmin addımları atdılar. Gəlin bir faktı da etiraf edək. Adi günlərdən birində də kimlərsə polisin başına zibil atsaydı, onunla bağlı da tədbir görüləcəkdi. Amma əməliyyatın bir qədər geniş miqyasda aparılmasını şərtləndirən amillərdən biri baş verən hadisənin təsadüf etdiyi zamandır. Bunu da unutmaq lazım deyil. Biz faktiki olaraq müharibə şəraitində yaşayırıq. Virusu da bir düşmən zənn etməliyik. Belə məqamlarda nizam-intizam möhkəm olmalıdır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə polisə qarşı olunan tabesizliyə sərt cavab verilir. Burada isə söhbət müqavimətdən gedirdi. Ancaq bütün bunlar heç də polisin qanunsuz davranışlarına əsas vermir. Oradakı bəzi polislərin əməlləri doğrudan da xalqda qıcıq yaratdı. Məndə olan məlumata görə, həmin polislərlə bağlı araşdırma aparılır və bəziləri barəsində hətta cəzalandırma da olub”.
Sabiq polis rəisinin sözlərinə görə, xüsusilə də qadınla kobud rəftar edən polisin əməllərində ciddi qanunsuzluq var:“Heç kimi təhqir etmək olmaz. Polis orda qadına deyir ki, sən də, ərin də dovşansız. Olmaz belə ifadələr işlətmək. Kim qanunu pozubsa, onu qanunların imkan verdiyi səviyyədə cəzalandırmaq gərəkdir. Bəzi polis işçilərinin məsuliyyətsiz davranışları uzun illərdən bəri formalaşan vətəndaş-polis münasibətlərinə ciddi zərbə vura bilər. Mən DİN rəhbərliyinə təşəkkür edirəm ki, yalnız vətəndaşların deyil, həm də qanunu pozan polislərin cəzalandırılması ilə bağlı qərar qəbul edib”.
Məhəmmədəli QƏRİBLİ