“ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir”
Samir Adıgözəlli: “Ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək”
Mayın 15-də Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvini təsdiqləyib. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.
Qeyd edək ki, Rusiyada qəbul edilən bu qərar Azərbaycanda böyük narahatlıqla qarşılanıb. Hətta məsələnin parlamentdə müzakirəsi zamanı Rusiyanın əleyhinə sərt fikirlər səsləndirilib.
ÜAK-ın ləğvi ilə bağlı proseslər hansı siyasi, hüquqi nəticələri doğura bilər?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, məhkəmənin qərarı çıxmamışdan öncə Azərbaycanda belə bir ictimai fikir yarandı ki, sanki, Rusiya prezidenti Vladimir Putinin baş verən prosesdən xəbəri yoxdur və bu, anti-Azərbaycan qüvvələrinin işidir: “Rusiya avtoritar bir ölkədir və bu cür strateji, xüsusilə də Azərbaycan kimi əhəmiyyətli ölkələrlə münasibətləri poza biləcək qərarlar məhkəmələrdə müstəqil səviyyədə qəbul olunmur. Belə prosedur Rusiyada yoxdur. Bütün bu məsələlər siyasi anlamda Putinlə razılaşdırılır. Çıxarılan qərar birbaşa Putinin istəyi ilə qəbul edilib. Məsələni də bu şəkildə qəbul etmək lazımdır. Bu məsələdə Putinin razılığı varsa, bu, Azərbaycana müəyyən mənada təzyiq xarakteri daşıyır. Son vaxtlar ÜAK təşkilat olaraq artıq Rusiyanın nəzarətindən çıxmışdı. Demək olar ki, Azərbaycan dövlətinin maraqları kontekstində fəaliyyət göstərirdi. Rusiya Azərbaycanda 2013-cü ildə prezident seçkiləri öncəsi Konqresin əli ilə oradakı azərbaycanlı milyarderləri hakimiyyətə qarşı qoymaq istəyirdi. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi Rusiyanı qıcıqlandırır. Azərbaycan hakimiyyəti də bundan sonra adekvat addımlar atmalıdır.
ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir. Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyib. Ona görə də Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. ÜAK-a normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır. Hesab edirəm ki, bu, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsində böyük rol oynayıblar.
Fikrimcə, ÜAK-ın qeydiyyatının ləğv edilməsi böyük səhvdir. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər.
Ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”.
Məhəmmədəli QƏRİBLİ