Millət vəkili Azay Quliyev Milli Məclisin 12 iyun 2020-ci ildə keçirilən plenar iclasında geniş çıxış edib.
Boyukmillet.com onun nitqini təqdim edir:
-3 gündən sonra müasir dövlətçilik tariximizdə çox mühüm yeri və rolu olan Milli Qurtuluş Gününü qeyd edəcəyik. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun sadəcə bir bayram təqvimi deyil, əsl qurtuluş tarixi, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin başladığı gündür.
Bu mübarizə haqqında saatlarla danışmaq olar, lakin buna vaxt olmadığına görə bəzən səslənən Qurtuluş günü xalqımıza nə verdi sualına qısa cavab vermək istərdim:
1) AXC-Musavat cütlüyünün ölkədə yaratdığı siyasi böhranın, anarxiyanın və idaraəetmədəki özbaşınalığın qarşısı alındı. AXC iqtidarının dövlət idarəetməsindəki səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqın etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə salmışdı. Əgər Heydər Əliyev olmasaydı hökumət böhranından dövlət böhranına keçən bu xaos ölkənin varlığına son qoyacaqdı.
2) Ölkədə 4 iyun qiyamından sonra ölkədə başlamış vətəndaş müharibəsinin və qardaş qırğının qarşısı alındı və bu prosesin böyüməsinə imkan verilmədi. Əgər ulu öndər olmasaydı vətəndaş müharibəsinin nə vaxt bitəcəyi, nə qədər günahsız soydaşımızın ölümünə səbəb olacağı bəlli deyildi. Həm də Azərbaycanın bu vətəndaş müharibəsi nəticəsində Əfqanıstanın və ya Suriyanın taleyini yaşamayacağına heç kim zəmanət verə bilməzdi.
3) Qanunsuz silahlı dəstələrin və silahlı müxalifətin varlığına son qoyuldu.
Ölkədə elə bir hərc-mərclik vardı ki, hər kəs öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış, əlinə silah alan hakimiyyətə gəlmək iddiasına düşmüşdü. Demək olar ki, bir çox siyasi partiyaların öz silahlı dəstələri var idi. Orduda isə vahid komandanlıqdan söhbət gedə bilməzdi. Əgər xalqın və o vaxtkı iqtidarın dəvətilə Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi hakimiyyət uğrunda gedən silahlı mübarizə bir dövlət kimi Azərbaycanı tamamilə sıradan çıxaracaqdı. Məhz Heydər Əliyevin cəsarəti, dəmir iradəsi və dərin zəkası sayəsində bu başıpozuq hərbi birləşmələr zərəsizləşdirildi və orduda vahid komandlıq yaradıldı. Ən vacibi isə silahlı yolla hakimiyyəti ələ keçirmək və zəbt etmək ənənəsinə son qoyuldu.
4) Ölkə seperatist qüvvələr tətəfindən bir neçə yerə parçalanmaq təhlükəsindən xilas edildi. Daxildəki pozucu qüvvələrin və xaricdəki təhrikçilərin fəal əməkdaşlığı sayəsində Azərbaycanın parçalanması planı işə düşmüş, “Talış—Muğan Respublikası” elan edən Əlikram Hümbətov və onun ətrafında birləşən separatçı quldur dəstələri cənub bölgəsini, sadvalçılar isə şimal bölgəsini ələ keçirmişdilər. Əgər Heydər Əliyev xalqın imdadına yetməsəydi Azərbaycanı bir neçə yerə parçalanmaqdan heç kim xilas edə bilməyəcəkdi.
5) Azərbaycanın müstəqilliyinin itirilməsi və bir dövlət kimi yox olma təhlükəsinin qarşısı alındı və müstəqil dövlət quruculuğu prosesinə başlanıldı
Bütün bunlar onu göstərirdi ki, 15 iyun olmasaydı, Heydər Əliyev dövlətçiliyimizə və xalqımıza sahib çıxmasaydı müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qaçılmaz olacaqdı.
Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Və ölkə tam olaraq stabillik və quruculuq mərhələsinə qədəm qoydu.
Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Bax, budur 15 iyun qurtuluş gününün mahiyyəti, müasir dövlətçilik tariximizdə oynadığı rol, yaratdığı zəngin siyasi məktəbin və azərbaycançılıq fəlsəfəsinin dünyaya göz açdığı və qızıl hərflərlə yazılan tarixi təqvim.