Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

“İsrail dövləti Azərbaycanın ədalətli mövqeyinin tərəfdarıdır” – Yəhudi ekspert tanınmış TV-də

“The Jerusalem Post” qəzetinin yazdığına görə İsrailin “Israel Aerospace Industries” konserni bərk yanacaqla işləyən birpilləli LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksinin (ОTRK) sınaqlarının uğurla başa çatması barədə rəsmi məlumat verib.

Erməni KİV-ləri böyük həsəd və kin hissi ilə bildirirlər ki, Azərbaycan İsrailin həmin raket komplekslərini göndərdiyi ilk və yeganə ölkədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu hələ iki il bundan əvvəl LORA OTRK ilə təchiz olunub.

Boyukmillet.com AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirində bu barədə danışıb.

Qutun fikrincə, ermənilər müəyyən mənada paxıllıqla qeyd edirlər ki, İsrail şirkəti 2018-ci ildə Azərbaycana bu cür raketlər göndərib, onların sınaqları isə yalnız 2020-ci ildə keçirilib.

Erməni KİV-ləri yazırlar: “Yeni raketlər bir neçə fərqli xarakteristikalara malikdir, lakin şirkət öz raketlərini “səhra şəraitində” sınaqdan keçirmək istəməyibmi, bəlkə elə buna görə hələ yoxlanılmamış ölümsaçan silahları Ermənistanla döyüşən respublikaya göndərməyi qərara alıb?”

Arye Qut qeyd edib ki, əgər Azərbaycan İsrailin bu raketləri göndərdiyi ilk və yeganə ölkədirsə, bu, İsraildəki ermənipərəst qüvvələrə həqiqi və real cavabdır ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq etimadın və daimi dialoqun ən yüksək səviyyəsinə dəlalət edir.

Bu tərəfdaşlıq əvvəllər energetika sahəsinə yönəlmişdi, indi isə tərəfdaşlıq iqtisadiyyatın digər sektorlarına da, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrinə də şaxələndirilib. İsrailin müdafiə şirkətləri Azərbaycan hərbi sənayesinin qurulmasında fəal iştirak ediblər və bu iştirak davam edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir.

İsrailli ekspert deyib: “Bu baxımdan erməni lobbiçilərinə xatırlatmağa dəyər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq yaxşı deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi qüvvəsinə və liderinə çevrilib, dünyanın strateji regionu olan Cənubi Qafqazda heç bir siyasi, iqtisadi və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruriliyi və həyat qabiliyyəti sübut olunub. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir.

İkincisi, LORA (“Long-Range Artillery Weapon System”) operativ-taktiki raket kompleksi bərk yanacaqla işləyən birpilləli ballistik raketdir. Bu kompleks düşmən ərazisində infrastruktur elementlərinin (rabitə qovşaqları, elektrik stansiyaları və s.) və hava hücumundan müdafiə batareyalarının məhv edilməsi üçün həm yerüstü, həm də dəniz variantlarında istifadə edilə bilər”.

Arye Qut vurğulayıb ki, bu raket 2004-cü ilin mart ayında Aralıq dənizində uğurla sınaqdan keçirilib və İsrail müdafiə ordusunda müvəffəqiyyətlə istifadə edilir. LORA raketinin yeni sınaqları bir qədər yeni modifikasiyanın sınaqlarıdır, lakin İsrailin bu silahı sınaqdan keçirmədən Azərbaycana göndərdiyini bəyan etmək qeyri-adekvat, qeyri-relevant və qeyri-peşəkar sərsəmlikdir. Bundan əlavə, hər hansı ölkənin Azərbaycana göndərdiyi hər bir silah Azərbaycan Silahlı Qüvvələrində zəruri sınaq və test yoxlamalarından keçirilir. Bütün bunlara baxmayaraq, Ermənistan İsraillə hansısa etimada əsaslanan münasibətlər qurmaq ümidindədir. Xatırlatmaq istəyirəm ki, İsrail hərbi-sənaye kompleksi yetərincə ciddi qurumdur və İsrail Müdafiə Nazirliyinin tam nəzarəti altında fəaliyyət göstərən çox ciddi peşəkarlar komandasıdır.

İndiki Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Maliyyə imkanlarındakı fərqlər Azərbaycanın və Ermənistanın müdafiə və hücum potensialının fərqlərində öz əksini tapır.

Arye Qut qeyd edib ki, müasir müharibədə kimin döyüş əməliyyatlarını təmin etmək üçün daha müasir yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. 2016-cı ilin Aprel əməliyyatı zamanı erməni işğalçılara qarşı İsrailin pilotsuz zərbə qurğularının səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar. Bunu da heç kəs unutmayıb ki, Ermənistanın hərbi provokasiyalarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı il aprelin əvvəlində erməni ordusuna sarsıdıcı hərbi zərbə endirdi.

Arye Qut qeyd edib ki, Paşinyanın və onun müdafiə nazirinin Azərbaycan ilə danışıqları davam etdirməyin mümkün olmaması barədə bəyanatları nəticəsində müharibə rəsmi Bakı üçün ədalətə nail olmağın yeganə üsuluna çevrilə bilər. İsrailli ekspert vurğulayır: “Bir neçə ay bundan əvvəl qoşunların təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonundakı ölkə deyil. İndi hamı çox gözəl başa düşür ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan yoxsul Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənmək həddindədir. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları onların narahat olmasını, qorxuya və təşvişə düşməsini göstərir”.

Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Gün” informasiya-analitik proqramının birbaşa efirində deyib: “2016-cı ilin Aprel hadisələrindən sonra – sürətli əks-hücum dövründə Ermənistan ordusunun müdafiə xətti darmadağın edildi və Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytardı. O vaxt biz Ermənistanda anti-İsrail isteriyasının və antisemitizmin real şahidi oldu. Hətta İsraildəki erməni diasporu Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail-Azərbaycan hərbi əməkdaşlığı barədə Ermənistanın tənqidi çıxışlarına gəldikdə isə vurğulamaq lazımdır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını yalnız özləri seçir və hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini bu ölkələr özləri müəyyən edir”.

Qutun sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyinin tərəfdarıdır, Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki Nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut sonda deyib: “28 ildən çoxdur ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün yaranıb. Bu mürəkkəb geosiyasi vəziyyətdə Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Azərbaycan üçün çox zəruridir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …