Zaman-zaman 1988-ci ildə İrəvan və Qərbi Azərbaycanın digər bölgələrindən azərbaycanlıların deportasiyası ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu günlərdə Azərbaycan parlamenti sədrinin birinci müavini Əli Hüseynli Ermənistan ərazisindən 220 min soydaşımızın kütləvi deportasiya edildiyini bildirib.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli məsələylə bağlı münasibətini yazılı şəkildə Modern.az-a təqdim edib.
“Bildiyiniz kimi, ölkə başçısı 15 fevral 2020-ci il tarixdə Münhendəki debatda bir çox tarixi faktlarla Ermənistan rəhbəri Nikol Paşinyanı dünya mediyası qarşısında ifşa etdi. Cənab prezidentin həmin debatda səsləndirdiyi faktlardan biri də 1988-ci ildə 300 min nəfər azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunması barədə idi. Bu, Ermənistana qarşı çox ciddi ittiham idi, həm də tarixi reallığa söykənən bir ittiham idi. Amma 12.06.2020-ci il tarixdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Müstəqilliyimizin qurtuluşu” yazısında elan etdi ki, 1988-ci ildə Ermənistandan 220 min nəfər soydaşımız kütləvi deportasiya olunub.
Mən hörmətli Əli müəllimin belə bir rəqəm səsləndirməsinə, həm də möhtərəm prezidentimizin cəmi dörd ay əvvəl Münhendə dünya mediyası qarşısında məşhur çıxışından sonra səsləndirməsinə təəssüf edirəm. Cənab prezident heç vaxt təsadüfi rəqəm səsləndirmir. Yadınızdadırsa, cənab prezident Valdaydakı çıxışında “250 min nəfərdən artıq insan” demişdi. Biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti, olaraq artıq bir neçə ildir ki, 1988-1991-ci illər Qərbi Azərbaycan qaçqınlarının siyahısını aparırıq və təxmini hesablamalarımız artıq bu rəqəmin 300 min civarında olduğunu təsdiq edir. Çünki həmin deportasiya zamanı müxtəlif yerlərdə hərbi xidmətdə olanlar, təhsil alanlar, təyinat yerində müvəqqəti işləyənlər, mövsumi işlə bağlı uzaq respublikalarda çalışanlar və s. də vardı. Ona görə də möhtərəm prezidentin səsləndirdiyi 300 min rəqəmi tamamilə həqiqəti əks etdirir. Ola bilər o vaxt Əli Hüseynli Azərbaycanda olmayıb, yaxud çox gənc olub, amma belə rəqəmləri elan edəndə son dərəcə ehtiyatlı və dəqiq olmaq lazımdır. Çünki Əli müəllim sıradan biri deyil, millət vəkilidir və Milli Məclis sədrinin birinci müavinidir və ortada cənab prezidentin səsləndirdiyi bir rəqəm var. Digər tərəfdən, bu gün Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan bir qurum – Azərbaycan Qaçqınlar Cəmiyyəti fəaliyyət göstərir, yaxşı olar ki, məmurlarımız Qərbi Azərbaycan qaçqınları ilə bağlı məsələlərdə bizə müraciət etsinlər. Köməyimizi əsirgəmərik”, – deyə Əziz Ələkbərli bildirib.