Əlisahib Hüseynov: “Heydər Əliyev millətimizin varlığını tamamilə yox olmaq təhlükəsindən qurtarıb
“Bu gün – 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü olaraq qeyd edilir. Niyə məhz 15 iyun və nə üçün Qurtuluş günü? Çünki həmin gün keçirilən Milli Məclisin iclasında etdiyi tarixi çıxışında Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının yollarını və ölkənin gələcək inkişaf strategiyasını elan edib”.
Boyukmillet.com xəbər verir ki, bunu Qurtuluş Günü ilə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, Azərbaycan xalqının tələbi və AXC-Müsavat hakimiyyətinin dəvəti ilə Bakıya gələn Ümummilli lider Heydər Əliyev ölkədə hökm sürən hakimiyyət böhranına, xaos və dərəbəyliyə, separatçılıq təşəbbüslərinə son qoyaraq Azərbaycan dövlətçiliyini və millətimizin varlığını tamamilə yox olmaq təhlükəsindən qurtarıb. Nəticədə siyasi gərginlik və ictimai qarşıdurmalar səngiyib: “Ölkəmiz həm vətəndaş müharibəsindən, həm də parçalanma təhlükəsindən xilas olub. Məhz bu səbəblərlə əlaqədar olaraq 15 iyun müasir Azərbaycanımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin vaxt Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməsəydi, indi Azərbaycanın müstəqilliyi sual altında qalacaqdı. Bəli, müstəqilliyi qazanmaq və ya bərpa etmək nə qədər önəmli şərtdisə, ölkənin suverenliyini, milli müstəqlliyimizi qoruyub saxlamaq və inkişaf etdirmək ondan da ikiqat artıq vacib məsələdir. Heydər Əliyev də məhz bu böyük Missiya üçün – Azərbaycanın dövlətçiliyini yaşatmaq üçün doğulmuşdu. Azərbaycanın müstəqilliyini istəməyən və ölkədə separatçılığı körükləyən qüvvələr Heydər Əliyevin əzmi və müdrikliyi sayəsində geri çəkildilər. O, bütün maneələri aradan qaldırmağı, ümidsizliyə qapılmış xalqı yenidən toparlamağı və ölkədə ictimai-siyasi sabitliyi bərqərar etməyi bacardı. İndi bütün bunları ümumiləşdirib bir kiçik yazıda qeyd etmək çox asandır. Amma həmin ağır günlərdə isə Heydər Əliyev hətta öz həyatını belə, təhlükə qarşısında qoyaraq ölkəni xaosdan çıxarmaq üçün günlərlə və həftələrlə deyil, aylarla vaxt və titanik əmək sərf etdi. Xalqımız həmin vaxt Heydər Əliyevə siyasi liderlər arasında həqiqətən də yeganə ümid yeri kimi baxırdı. O bu inamı öz təcrübəsi və siyasi dühası sayəsində qazanmışdı”.